18 sentyabr 2023 21:30
474

Karantin rejimi sərtləşdirilə bilər - EKSPERTDƏN XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir ayda  dünya üzrə koronavirusa yoluxanların sayı 38% artıb. Avropada yoluxma sayında artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır. COVID-19-un yeni ştamları – Eg.5 ERİS, BA.2.86 və s. təhlükə mənbəyidir.

Bəs Azərbaycanda koronavirus təhlükəsi nə dərəcədə realdır?

“Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda dünyada COVID-19 virusuna yoluxmada yenidən artımı müşahidə edirik: "Ötən aylara baxdıqda dünyada yoluxma sayı 80% qədər artıb. Qeyd edim ki, COVID-19 virusu davamlı olaraq mutasiya edir və hazırda dünyada daha çox yayılan "ERİS" və "PİROLA" variantlarıdır. Nəzərə alsaq ki, payız fəslinin astanasındayıq və havalar da qeyri-sabit keçir, o zaman virusun yayılması üçün "yaxşı" zəmin var. Vətəndaşların immun sistemi bir qədər zəifləmiş haldadır. Ona görə də vətəndaşlarımız daha çox diqqətli olmalıdır. Hazırda sosial məsafəyə və gigiyenaya diqqət edilməsi çox vacibdir."

Ekspert qeyd edib ki, ümumilikdə dünyada son bir neçə ayda 2 miliyona qədər insan COVID-19 virusuna yoluxub və bunlardan 3 min nəfərə qədəri xəstəlikdən vəfat edib: "Hazırda ÜST risk zonasında olanları və immuniteti aşağı olan yaşlı insanların revaksinasiya olmağa çağırır. Dövlət səhiyyə qurumlarının məsul şəxsləri tərəfindən bildirilir ki, hazırda Azərbaycanda koronavirusun “ERİS” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Amma buna baxmayaraq hər bir vətəndaşımızın özünün və digərlərinin sağlamlığının qorunmasında diqqətli olması çox vacibdir. Əks halda karantin rejiminin sərtləşməsidə mümkün ola bilər."

Cavid Əkbərov, “İki sahil”