19 sentyabr 2023 00:12
239

Masallıda 25 yaşlı gəncin qətlinin təfərrüatları məlum olub

Masallı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

“İki sahil” xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Belə ki, qətlə yetirilən Elməddin Kərimovla Masallı rayonunun Viləş kənd sakini Fuad Əsgərov arasında şəxsi zəmində mübahisə baş verib. Bu zaman Fuad Əsgərov dostu, Masallı rayonunun Qızılağac kənd sakini Höccət Soltanova zəng edib. Hər üç şəxs "Olimpiya kompleksi" deyilən ərazidə mübahisəyə son vermək üçün görüşüblər. Bu zaman Höccət Soltanov üzərində olan bıçaqla Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən Fuad Əsgərov və Höccət Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar.

Faktla bağlı Masallı Rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.