27 sentyabr 2023 22:12
273

Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üzərinə əklil və çələnglər qoydular.

“İki sahil” xəbər verir ki, həmin gün məscidlərdə namaz qılınmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur. Rayon icra hakimiyyəti tərəfindən ehsan süfrəsi də təşkil olunmuşdur. Ehsan süfrəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Həmçinin saat 12:00-da rayon ərazisində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sükleyman Mikayılov bildirmişdir ki, Vətən müharibəsində şəhidlərimizin canı, Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığı və Ali Baş Komandanın apardığı uğurlu siyasət nəticəsində Azərbaycan ordusu düşmən üzərində misligörünməmiş qələbə qazanılmışdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirib.

Həmçinin o qeyd edib ki, 44 günlük Vətən Müharibəsində döyüş bölgəsində Qaradağ rayonunun 34 sakini şəhid olmuşdur.

İcra başçısı bildirib ki, bu il Anım Gününü digər anım günlərindən fərqləndirən cəhət odur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.