Qloballaşan dünyamızda biri-birindən maraqlı və əhəmiyyətli beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi edən Azərbaycanın dəfələrlə yüksək etimada layiq görülməsi təsdiqləyir ki, geosiyasi cəhətdən əlverişli məkanda yerləşən, tarixi, iqtisadi tərəqqisi ilə diqqəti cəlb edən ölkəmiz dünya siyasətinin, mədəniyyətinin demokratiyasının inkişafında aparıcı mövqeyə malikdir.
Azərbaycanın təşəbbüsü ilə BMT-nin Sivilizasiyalar Alyansı VII Qlobal Forumunun keçirilməsində məqsəd dünyada sabitliyin təmin olunmasına yönələn səylərin birləşdirilməsidir.
Təcrubə göstərir ki, dünyada Azərbaycan kimi keçmişini yaşadan çox az ölkə var. Dini tolerantlığın yüksək səviyyədə olması, xalqların bir məqsəd naminə birləşməsi, qurulan normal münasibətlərin eyni məqsədə yönəldilməsi tolerantlıqla bağlıdır. 2009-cu ildə Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması, 2018-ci ildə bu şans üçün Azərbaycanın ayrılmaz və qədim tarixə malik Naxçıvan şəhərinin seçilməsi bütün dövrlərdə Qərb dünyasına bağlı olan ölkəmizin tarixi , mədəni inkişafının göstəricisidir. Azərbaycanı təsadüfi olaraq Qərblə Şərqin qovuşuğunda yerləşən, sivilizasiyalararası münasibətlərin formalaşmasında böyük rola malik ölkə adlandırmırlar. Ölkəmiz çoxəsrlik tarixinin bütün dövrlərində milli mənəvi zənginliklərini qorumaqla bəşəri dəyərlərə sadiqliyi, Qərb dünyasına bəxş etdiyi korifeyləri ilə fərqlənmişdir. Dünyanın ən qədim abidələrindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Əsrlərlə yaşı olan Qafqaz albanlarının kilsəsi Şəki yaxınlığındadır. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi mədəni irsimizin tərkib hissəsidir. Ölkədə siyasi sabitliyin təminatı, alternativi olmayan multikulturalizm üçün başlıca amil olan bu dəyərlər əvəzedilməz sərvətlərdəndir. Respublikamızda demokratiyanın əsas tələbləri olan insan hüquqlarının, söz, mətbuat azadlıqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindəndir.
İllərdən bəri Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən Azərbaycanda separatizm, terror və ksenofobiya halları qətiyyətlə pislənilir. Ölkəmizdə keçirilən bütün tədbirlərdə qeyd olunub ki, Azərbaycanda multikulturalizm ənənələri hər zaman güclü olub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində atılan ən önəmli addımdır. Bu kimi yeniliklər “multikulturalizmin alternativi yoxdur” reallığını təsdiqləyir. Multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək istəyənlər, Ermənistan kimi etnik dövlət qurmaq arzusunda olanlar, miqrantlara qarşı amansız mübarizə aparanlardır. İnsanlara qarşı belə münasibət fəlakət və faciələrlə nəticələnir ki, bunun da bir adı var: neofaşizm.
Bəllidir ki, əsrlər boyu milli dəyərlərini qoruyub saxlayan, müsəlman dünyasına mənsub Azərbaycanın Avropa ilə əməkdaşlığının güclənməsi ölkəmizi müasir, bəşəri ideyalara hörmətlə yanaşan dövlət kimi tanıtmışdır. Bu gün hər bir insan dərk etməlidir ki, öz ölkəsinin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüdür. Əgər biz sabahı düşünürüksə, gələcək nəsillər qarşısında öz məsuliyyətimizi dərk ediriksə xalqlararası, millətlərarası münasibətləri məhz etika və və ədalət platformasında qurmağa çalışmalıyıq. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Çox təəssüf ki, bəzi ölkələrdə belə humanist dəyərlərə etimadsızlıq multikulturalizmə kölgə salır. “Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər?” söyləyən Prezident Ilham Əliyevin sualına cavabı da məntiqlidir: “Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir. Belə təhlükəli meyillərə qarşı bütün xalqlar, millətlər səsini ucaltmalıdır.”
Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı müsabiqəsi “Eurovision”un, I Avropa Oyunlarının böyük uğurla keçirilməsi də sübut etdi ki, multikulturalizmin alternativi yoxdur. Zəngin tarixə malik Azərbaycan xalqı dünya birliyində qiymətli dəyərlərin, multikulturalizm təcrübəsinin təbliğində maraqlıdır. Azərbaycan müsəlman ölkəsi olsa da, eyni zamanda Avropa ilə güclü bağlılığı var. Fərqli siyasi və ictimai şəraitdə, imperiyaların tərkibində yaşayan xalqımızın ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı barışmaz mövqeyinə sadiqlik hər zaman gözlənilib.
Londonda keçirilən, miqrant probleminin həllinə yönəlmiş “Suriya və regiona dəstək” adlı konfransda çıxış edən dövlətimizin başçısı vurğuladı ki, münaqişələrin atəşkəs yolu ilə ədalətli siyasi həllinin tapılmaması, Yaxın Şərqdə - İraqda, Suriyada, Liviyada davam edən gərginliklər, qanlı toqquşmalar, müharibələr nəticəsində miqrantların sayı artır. “Əlbəttə, bu insanların aqibəti bizi narahat edir. Çünki biz də vaxtilə çox böyük humanitar fəlakətlə üz-üzə qalmışdıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə düşmüşdür” söyləyən Prezident İlham Əliyev çıxışında oxşar faciə ilə üzləşən insanların çətinliklərdən çıxması üçün Azərbaycan təcrübəsinin üstünlüklərindən bəhs etmişdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Çox təəssüf ki, İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır. Şərq ölkələrinin dinamik inkişafı çoxlarını narahat edir.
Gələn il ölkəmizdə keçiriləcək Dünya Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları Şərq dəyərlərinə əsaslanan müsəlman aləminə qarşı yönələn fobiyaların əsassızlığını Azərbaycanın timsalında aydın göstərəcək. Yaxın aylarda ilk dəfə olaraq Azərbaycanda “Formula-1” yarışması keçiriləcək. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq.
“Bədxahlara, antiazərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, multikulturalizm diyarı olan Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu