Sentyabrın 29-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyasında jurnalistlərə açıqlamasında bildirib ki, 2023-cü ilin avqust ayı ərzində Birliyin Qəza Çağrı Xidmətinə ümumilikdə 57 532 müraciət daxil olub: « Ötən ilin anoloji dövrü ilə müqayisədə bu il 6103 müraciət az daxil olub”.
Şöbə rəisi fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı ünvanlanan müraciətlərə xüsusilə toxunaraq qeyd edib ki, bu prosesdə dələduzların qurbanına çevrilmiş vətəndaşlara rast gəlinir. İşbazların toruna düşmək istəməyənlər isə ilk addımda xüsusi lisenziyası olan podratçılarla sövdələşmə etməlidir. Həmin podratçı şirkətlərin siyahısı isə Birliyin «Azeriqaz.az» saytında qeyd edilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Azəriqaz” İB-nin adından istifadə edərək dələduzluqla məşğul olanlar bərəsində artıq hüquq mühafizə orqanlarına müraciət edildiyini bildirib. Şöbə rəisi bu istiqamətdə vətəndaşların da ayıq-sayıq olmalarını tövsiyyə edib.
Eldəniz Vəliyev daha sonra ölkə üzrə qazlaşmanın səviyyəsini də açıqlayaraq qeyd edib ki, bu rəqəm 96,34%-dir. Qurum rəsmisi son dövr ərzində artıq 26 kənd və 25 yaşayış massivinin təbii qazla təchiz edildiyini də diqqətə çatdırıb.
“Açıq qapı” aksiyası daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Elçin Zaman, «İki sahil»