Bunu Müzəffər Ali Baş Komandanımızın apardığı müdrik siyasətin nəticəsi kimi dəyərləndirmək olar
Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə edilmiş razılaşmaya uyğun olaraq sentyabrın 28-də Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan etdi. Bununla bağlı Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən dövlət kimi tanınmamış bu qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın imzaladığı “sərəncam”da bildirildi ki, 2024-cü il yanvarın 1-dək bütün qondarma “təşkilatlar” və “qurumlar” ləğv edilir və qondarma “Dağlıq Qarabağ respublikası” öz fəaliyyətini dayandırır. Həmin sənəddə həmçinin göstərilir ki, erməni əhalisi Qarabağda qalmaq (qayıtmaq) mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün mərkəzi hakimiyyət orqanları tərəfindən təqdim olunan reinteqrasiya şərtləri ilə tanış olmalıdırlar.
Bununla da bu əzəli torpağımızda 35 il əvvəl pozulan suverenliyimiz tam bərpa olundu, regionumuz haqqa, ədalətə qovuşdu. Şübhəsiz, bu, hər şeydən əvvəl “Miatsum”un kitabını bağlayan, statusu cəhənnəmə göndərən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz uğuru, zəfəridir. Belə ki, dövlətimizin başçısı həm Prezident kimi diplomatik müstəvidə, həm də Ali Baş Komandan kimi hərb meydanında “nəyi, necə, nə vaxt etmək lazım olduğunu” hamıdan yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin də daim qeyd etdiyi kimi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Çünki Azərbaycan müstəqil, suveren, öz hüquq və haqlarını bilən qüdrətli dövlətdir.
Bu mənada əldə edilmiş bu uğuru, yəni separatçı xunta rejiminin tarixin zibilliyinə atılmasını, yeni bir tarixin yazılmasını Müzəffər Ali Baş Komandanımızın apardığı müdrik siyasətin nəticəsi kimi dəyərləndirmək olar. Bununla da Prezident İlham Əliyev xalqımıza misli-bərabəri olmayan sevinc bəxş etdi. Daha doğrusu, son iki yüz illik faciə və məğlubiyyət tariximizi çağdaş sevinc və qələbə tarixi ilə əvəzlədi.
Bu, bir həqiqətdir ki, “dqr”in sərsəm ideyalarının puça çıxmasında 44 günlük Vətən müharibəsi ilə yanaşı, ordumuzun erməni təxribatlarına cavab olaraq bu il sentyabrın 19-da həyata keçirdiyi və cəmi 23 saat 43 dəqiqə davam edən lokal xarakterli antiterror tədbirləri də mühüm rol oynadı. Başqa sözlə desək, həmin antiterror tədbirləri separatçı rejimə elə bir toy tutdu ki, nəticədə ağ bayraq qaldıraraq Azərbaycan qanunlarına tabe olacaqlarını bildirdilər. Özü də rəsmi Bakı müdrik siyasəti ilə min bir fitnə-fəsad törədən separatçıların qondarma rejimini öz əlləri ilə tarixdən silinməsinə “sənəd” imzalatdı. Yəni, qondarma "Dağlıq Qarabağ respublikası" mövcudluğuna özü son verdi. Bununla da rəsmi Bakı yalnız separatizm üzərində qələbə çalmadı, eyni zamanda mifik erməni ideologiyasına, erməni lobbisinə və onlarla əlaqələri olan mərkəzlərə, dövlətlərə də qalib gəldi. Yaratdığı yeni reallıqlarla Cənubi Qafqazın geosiyasi xəritəsində çox mühüm dəyişiklərin əsasını qoydu. Üstəlik, beynəlxalq təşkilatlar da faktiki olaraq bizim mövqeyimizdən razı qaldılar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmadıq. Bu mənada son illər tarixə bir çox yeniliklər bəxş etmiş Azərbaycan separatizmlə mübarizədə də yeni bir model ortaya qoydu.
Şübhəsiz, qürurumuz, şərəfimiz olan Vətən torpaqlarını bizə qaytaran, bizi qalib xalq edən qəhrəmanlarımızın hər birinin arzusu düşməni tamamilə məğlub etmək, şeytan yuvasına çevrilmiş məkanda asayişi bərpa etmək idi. Bu əlamətdar günü görənlər də oldu, ucaldıqları şəhadət zirvəzindən ölməz ruhları ilə seyr edənlər də...
Qərbdəki bəzi güclərin bölgəyə müdaxiləsinə, buradakı məsələləri süni şəkildə alovlandırma cəhdlərinə rəğmən Cənubi Qafqaz artıq sülhün astanasındadır. Yəni, bu addım sülh müqaviləsini imzalamasına da sözün həqiqi mənasında yaşıl işıq yandırmış oldu. Çünki artıq ortada həm hüquqi, həm siyasi, həm də ideoloji cəhətdən heç bir əngəl qalmayıb. Ona görə də siyasətçilərin fikrincə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanma ehtimalı yüksəkdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”