2 oktyabr 2023-cü il tarixində Stokholmda Fiziologiya və Tibb üzrə Nobel Mükafatının qalibləri elan olundu. Onlar macarıstanlı Katalin Kariko və ABŞ-dan Dryu Veysmandır.
Mükafat COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin hazırlanmasına səbəb olan nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərə görə verilib.
Nobel Komitəsinin saytında bununla bağlı deyilir: “MRNT-nin immun sistemimizlə qarşılıqlı əlaqəsi haqqında anlayışımızı kökündən dəyişdirən əsaslı kəşfləri ilə laureatlar dövrümüzün insan sağlamlığı üçün ən böyük təhlükələrdən biri zamanı peyvəndin inkişafının görünməmiş sürətinə töhfə verdilər”
Xatırladaq ki, Fiziologiya və Tibb sahəsində mükafatı institutun 50 professorundan ibarət İsveç Karolinska İnstitutunun Nobel Assambleyası verir. Assambleya namizədləri müzakirə edir, ildə bir neçə dəfə toplaşır və oktyabrın ilk bazar ertəsi qalibi seçir. Hər bir laureat medal, diplom və mükafat alır, mükafatın məbləği dəyişir - bu il 10 milyon İsveç kronu təşkil edib. Mükafat Alfred Nobelin vəfat etdiyi gün, dekabrın 10-da Stokholm meriyasında illik mərasimdə təqdim edilir.
Xatırladaq ki, Fiziologiya və Tibb kateqoriyasında ilk mükafatı 1901-ci ildə alman həkimi, mikrobioloq və immunoloq Emil Adolf fon Berinq difteriyaya qarşı vaksinin yaradılmasına görə alıb. Ancaq sonradan hər il minlərlə uşağın həyatına son qoyan xəstəliyə qarşı zərdabın o qədər də etibarlı olmadığı ortaya çıxdı və daha sonra Pol Erliç tərəfindən yenidən işləndi. 1908-ci ildə alim rus bioloqu İlya Meçnikovla birlikdə immunologiya sahəsindəki işlərinə görə də Nobel mükafatı alıb.
Keçən il isə isveçli paleogenetik tibb üzrə Nobel mükafatını qazanmışdı. O, ilk dəfə Misir mumiyalarından genetik material götürərək neandertal genomunu deşifrə etmiş, həmçinin nitq üçün "məsuliyyət daşıyan" "dil genini" kəşf etmişdi.
Katalin Kariko 1955-ci ildə Macarıstanın Szolnok şəhərində anadan olub. 1982-ci ildə Seqed Universitetində doktorluq dərəcəsi almışdır. 2021-ci ildən o, Seqed Universitetinin professoru və Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbində dosentdir.
Dryu Veysmen 1959-cu ildə Leksinqtonda (Massaçusets ştatı, ABŞ) anadan olub. 1987-ci ildə Boston Universitetində doktorluq və fəlsəfə doktoru dərəcələrini almışdır. 1997-ci ildə Veysmen Pensilvaniya Universitetində Perelman Tibb Məktəbində öz tədqiqat qrupunu qurdu. Bu gün o, Pensilvaniya RNT İnnovasiyası İnstitutunun direktorudur.
Nubar Süleymanova, “İki sahil”