Arıçı-fermer: Balın baha satılmasının əleyhinəyəm. Qiymət əlçatan olmalıdır ki, alıcılarımız razı qalsınlar
Münasib qiymətə, bol çeşidli məhsul axtarışında olan balsevərlərin çoxdandır gözlədiyi bal kimi yarmarka artıq fəaliyyətə başlayıb. “İki sahil”in Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanındakı ənənəvi bal (“Gənclik” metro stansiyasının yaxınlığı) yarmarkasında satışa çıxarılan arıçılıq məhsullarının qiymət və keyfiyyətləri ilə bağlı hazırladığı reportajı təqdim edirik.
Əvvəla ondan başlayaq ki, növbənöv bal çeşidləri, arı pətəkləri, arı südü, çiçək tozları və saymaqla bitməyən müxtəlif arıçılıq məhsulları buradakı yarmarkaya başqa bir gözəllik və şirinlik qatırdı.
Maraqlıdır, builki yarmarka əvvəldən nə ilə fərqlənir?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “İki sahil”ə açıqlamasında bildirdi ki, nazirliyin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası artıq ikinci gündür ki, davam edir. Kifayət qədər alıcı vardır. Bu, sevindirici haldır. Bizim də əsas hədəflərimizdən biri vətəndaşların sərgi-satış yarmarkasına gələrək arıçılıq məhsullarının həm dadına baxması, həm tanış olması, həm də almasıdır ki, fermərlər il ərzində çəkdikləri zəhmətin bəhrəsini görsünlər.Bu il yarmarkada Azərbaycanın bütün iqtisadi bölgələrindən təqribən 250 arıçı-fermer iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib. Onların məhsullarının yarmarkaya gətirilməsinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən logistik dəstək göstərilib. Arıçılıq məhsullarının keyfiyyətinə də ciddi nəzarət olunub. Belə ki, satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Normativlərə uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Bu baxımdan əminliklə deyə bilərik ki, yarmarkaya çıxarılan ballar ən keyfiyyətli məhsullardır.
Vüqar Hüseynovun sözlərinə görə, bu il yarmarkaya anbar hesablaması ilə 95 tondan bir qədər artıq bal gətirilib. Bu məhsul əvvəlki illərə nisbətən azdır. Bilirsiniz ki, iqlim dəyişikliyi, xüsusilə də yağıntıların mövsüm ərzində qeyri-bərabər paylanması digər sahələrdə olduğu kimi, arıçılıq təsərrüfatına da mənfi təsir göstərib. Bu baxımdan bu il yarmarkaya nisbətən az məhsul çıxarılıb. Amma bu, o demək deyil ki, yarmarkada kifayət qədər məhsul yoxdur. Təxminən 30 çeşid məhsul var. Bu 30 çeşiddə məhsulun qiymətini həmin məhsulu satışa gətirən fermerlər özləri müəyyənləşdirirlər. Yəni, vətəndaşlar gəlib yarmarkada ən müxtəlif qiymətə öz alıcılıq qabiliyyətlərinə uyğun ağız dadlarına uyğun məhsul ala bilərlər. Burada təkcə bal, pətək, şan satılmır, bir çox müxtəlif dərman vasitələri kimi istifadə olunan arıçılıq məhsulları da satışa çıxarılıb. Çox ciddi də təlabat var. Apardığımız monitorinqlər göstərir ki, alıcılar bal və şanla yanaşı, digər arıçılıq məhsullarına- propolis, güləm, çiçək tozuna böyük maraq göstərirlər. Yarmarka ayın 22-nə qədər hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq. Vətəndaşlarımız vaxt tapıb yarmarkaya gələrək bu məhsulların həm tanış olmaq, həm dadına baxmaq, həm də almaq imkanı olacaq.
Görəsən, satışda olan məhsulların keyfiyyəti, çeşidi və ən əsası da qiyməti necədir?
Suallarımıza cavab tapmaq üçün yarmarkadakı arıçıların bəziləri ilə həmsöhbət olduq.
Arıçı-fermer Qəhrəman İbrahimovun sözlərinə görə, əvvəlki illərə nisbətən hava şəraiti ilə əlaqədar olaraq bu il məhsul bir az olub: “Hər il 400-450 kilo balla gəlirdiksə, bu il isə satmaq üçün 300-350 kilo məhsul gətirmişik. Ötən ilə nisbətən məhsul az olduğuna görə qiymətlərdə hər balın çeşidinə görə 5-10 manat artım var. May balını 30-35 manata, çökə balını 35 manata, meşə balı, dağ çiçəklərindən hazırlanan balı 45 manata, qaratikan balını 50 manata satıram. Alıcılar istədikdə endirim edirəm. 2 günə 23 kiloqram bal satmışam. Alıcıların marağı ən çox cökə və meşə balınadır.
Yarmarkaya Hətəməli Şəfəqətov Astaradan təşrif buyurub. Arıçı-fermer satış köşkündə məhsullarını səliqəyə salır, keyfiyyətinə, təmizliyinə nəzarət edirdi. Gözləri isə müştəri axtarışında idi. Ona yaxınlaşaraq qiymətləri soruşduq: “200 kilo məhsulumu yarmarkaya satmaq üçün gətirmişəm. Əvvəlki illərdə də bal yarmarkasına satış üçün məhsul gətirmişəm. Məhsullarımızı çatmaq üçün bizə əlverişli şərait yaratdığına görə Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasına təşəkkürümü bildirirəm. Balların qiyməti 25 manat ilə 35 manat arasında dəyişir. Alıcılıq qabiliyyəti yaxşıdır. 2 günə 12 kilo məhsul satmışam. Alıcılar məhsulları münasib qiymətə istədikdə veririk. Təki, bazar olsun.”
Biz də “bazar olsun” deyərək digər arıçı Biləsuvar rayonundan olan arıçı-fermer Hikmət Əliyevə yaxınlaşırıq.O, 400 kiloqram balla, 18 ədəd çərçivə balla yarmarkaya qatılıb: “Məhsulların qiyməti maya dəyəri ilə bağlı olaraq dəyişir. Qarabağ bölgəsindən gətirilən məhsulun 1 kiloqramı 35 manatdır. Propolis cövhəri 10 manat, ballı alma sirkəsi 10 manat, qanqal balı kiloqramı 20 manatdır. Alıcılar hələ ki azdır. Bir çox insanlar yarmarkanın fəaliyyəti başlamasından xəbərsizdir. Bu il məhsul az olduğu üçün maya dəyəri yüksəlib.”
Leyli Abbasova Gəncədən satış yarmarkasına müalicəvi dağ, meşə, aran balları gətirib: “ Təxminən 400 kiloqram balla gəlmişəm. Qiymət 30-40 manat arasında dəyişir. Alıcılar daha çox meşə balına maraq göstərirlər. Meşə balını 40 manata təklif edirik. Endirim istədikdə edə bilirik, çünki öz məhsulumuzdur. Məhsulun azlığını, maya dəyərini nəzərə alsaq qiyməti münasib təklif edirik. Buradan bal alan peşman olmaz”…
Yarmarkada maraqlı piştaxtası ilə seçilən Telman Musayev 350 kiloqram məhsulu gətirib: “Balın qiyməti 30-35 manat arasında dəyişir. Süzmə bal 30 manat, çərçivə balı 35 manatdır. Çiçək tozunun kiloqramı 70-80 manatdır. Arı südü tərkibli müalicəvi maska kremlər 10 manatdır. 2 günə 6 kiloqram məhsul satmışam. Yarmarka təzə fəaliyyətə başladığı üçün alıcılar hələlik azdır. Zənnimcə, əhali məlumatlandıqca alıcılıq qabiliyyəti də artacaq. Alıcılar damaq dadına uyğun buradan bal ala bilərlər, çünki çeşid çoxdur. Ümumiyyətlə, mən balın baha satılmasının əleyhinəyəm . Qiymət əlçatan olmalıdır ki, hər kəs ala bilsin.
Görəsən, yarmarkada bal kimi qiymətlər də şirindir yoxsa? Alıcıların da məhsullarının qiyməti və keyfiyyəti haqqında təəssüratlarını öyrəndik:
Nərminə Kərimova: “Hər il gəlib buradan bal alıram. Bu gün isə 1 balon çiçək balını 100, 1 balon may balını isə 120 manata aldım. Qiymət və keyfiyyət məni qane edir. Ona görə də razıyıq və hər il gəlirik. Qiymətlərdə də fərq hiss etmirəm.”
Əlibala Məmişov: “Kilosu 30 manatdan 3 kilo Kəlbəcər balı aldım. Dadına baxdım, keyfiyyəti xoşuma gəldi. Hər il keyfiyyətli bal almaq üçün bu yarmarkaya gəlirəm. Qiymətdə artım hiss etmədim.”
Nəsibə Zeynəlova: “Hələlik buradan arı südü kremi və çiçək tozu aldım. İkisinə 9 manat verdim. Keçən il buradan bal aldım, keyfiyyətindən razı qaldım.”
Yaqut Ağaşahqızı, “İki sahil”