BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu kimi möhtəşəm tədbirin indiki məqamda məhz Bakıda keçirilməsi ölkəmizin cəbhədə ermənilərə vurduğu hərbi zərbənin fərqli cəbhədə, geopoltik məkanda davamıdır
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci-ci Qlobal Forumu paytaxtımızda öz işini uğurla davam etdirir. Belə bir möhtəşəm tədbirin indiki məqamda məhz Bakıda keçirilməsi ölkəmizin cəbhə xəttində ermənilərə vurduğu hərbi zərbənin fərqli cəbhədə - qlobal siyasi məkanda davamıdır. Ona görə ki, dünya bir daha şahid olur ki, Azərbaycan ermənilərin uydurduğu kimi sivilizasiyaların, dini ayrı-seçkiliyin toqquşduğu deyil , əksinə sivilizasiyaların birləşdiyi, mədəniyyətlərin qovuşduğu bir dövlətdir. Eyni zamanda, dünyanın ən aparıcı təşkilatının ən mühüm strukturlarından olan Sivilizasiyalar Alyansın öz ali tədbirini Bakıda keçirməyə razılıq verməsi həm də ölkəmizin iqtisadi inkişaf və sosial rifah, siyasi modernləşmə və demokratikləşmə, multikulturalizm və sivilizasiyalararası fəal əməkdaşlıq kimi irəli sürülən prinsiplərə də tam cavab verdiyinin beynəlxalq səviyyədə sübutu idi.
BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyət prioritetləri məlumdur: sivilizasiyalararası dialoqun möhkəmləndirilməsindən xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqinədək sahələr, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılmasından ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirəsinə qədər vacib istiqamətlər qurumun diqqət mərkəzindədir. Təşkilatın forumları isə dünyanı narahat edən problemlərin mənbəyini müəyyənləşdirmək, onları aradan qaldırmaq, həllinə dəstək məqsədi daşıyan qlobal platforma kimi qəbul edilir.
Yəni, Alyansın Forumu sıradan bir beynəlxalq tədbir sayılmır və ona ev sahibliyi etmək üçün tələb olunan şərt də yalnız sosial infrastruktura malik olmaq, qonaqları normal yerləşdirmək kimi öhdəliklər deyil! Tam əksinə, bu tələblər seçimdə müəyyənləşdirici faktorlar sırasında bəlkə də sonda gəlir. 2014-cü ilin sentyabrında BMT Baş Assambleyasının 69-cu sessiyasında Alyansın 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi barədə qərarın qəbulu prosesində də bütün müzakirələrdə Azərbaycanın ev sahibliyi etməsi üçün problem görülmədi. Ölkəmizin dünyada sülhün və təhlükəsizliyin təminatına mühüm töhfələr verməsi, həmçinin tolerantlıq və multikulturalizm sahəsində ən mükəmməl modeli yaratması kimi vacib nailiyyətlərlə yanaşı, səmərəli iqtisadi və siyasi islahatlar amili də Azərbaycanın şansını artıran səbəb idi.
Ümumiyyətlə, son illər ərzində dünyada baş verən münaqişələrin, həmçinin terrorizmin məhz milli və dini zəmində süni toqquşmaların nəticəsi kimi meydana çıxdığı dövrdə “sivilizasiyalararası fəal təmas və əməkdaşlığın, multikulturalizmin Azərbaycan nümunəsi” beynəlxalq aləmdə ciddi rezonans yaradıb. Bu modelin xüsusiyyətləri akademik mərkəzlərdə tədqiq edilir, xarici universitetlərdə isə tədris olunur.
Dünyanın təqdirlə qarşıladığı və ölkəmizə, xalqımıza böyük nüfuz, etimad qazandıran bu nümunənin təbliği-təşviqi prosesi dövlət siyasətinin prioritet sahələrindəndir. Son illərdə Prezident İlham Əliyevin bu yönümdə həyata keçirdiyi tədbirlər, şəxsi təşəbbüsləri qlobal miqyasda məmmnunluq doğurur. Alyansın Forumunun Bakıda keçirilməsi barədə qərar həm də Azərbaycan Prezidentinə olan ehtiramın və güvənin növbəti nümunəsi idi. Təsadüfi deyil ki, BMT-nin Baş katibi Pan Gi-Mun dövlətimizin başçısına məktubunda qeyd edir ki, “Sizin şəxsi mövqeyiniz və liderliyiniz sayəsində Alyansın 7-ci Qlobal Forumu öz gələcək kursunu peşəkarlıqla müəyyən edəcəkdir”. Yaxud BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tolerantlığın və dialoqun inkişafı, mədəniyyətlərarası əməkdaşlığın təbliğində Prezident İlham Əliyevin liderliyini əlahiddə töhfə kimi dəyərləndirir. Yəni, Prezident İlham Əliyevin dünyada sivilizasiyalararası əməkdaşlığın möhkəmlənməsi prosesinin perspektiv kursunu müəyyənləşdirən liderlər sırasında olması artıq BMT səviyyəsində rəsmən etiraf edilir.
“İnklüziv cəmiyyətlərdə birgə-yaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq iştirak edir. Üç gün ərzində 30-a yaxın sessiyanın keçiriləcəyi Forumda aprelin 25-də ən mühüm tədbir Gənclər Forumu oldu. Qeyd edək ki, bu Forum dünyada gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır. Belə bir əhəmiyyətli tədbirin Azərbaycanda baş tutması ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olmaqla yanaşı, ölkə gənclərimizin də öz təşəbbüsləri, fəallıqları ilə beynəlxalq miqyasda tanınmalarının göstəricisidir.
3000 nəfər namizəd arasında iki ay davam edən seçim prosesi nəticəsində müəyyənləşən 100 gənc əsasən beynəlxalq təşkilatların, xarici və yerli gənclər qurumlarının nümayəndələri idilər. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin qeyd etdiyi kimi, planetin bütün bölgələrini təmsil edən gənclər Bakıya öz fikirlərini bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəliblər. Mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi, gənclərin liderlik bacarıqlarını göstərməsi kimi mövzuların müzakirə olunduğu tədbirdə Azərbaycan təmsilçisi Leyla Əliyevanın çıxışı xüsusi marağa səbəb olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri statusunda gənclərə səslənən Leyla Əliyeva zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını, ölkəmizin tolerant, yeni ideyalara açıq, dialoqa meyilli məkana çevrildiyini vurğulayıb. Son beş ildə Azərbaycanda beş milyondan çox ağac əkildiyini, nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması ilə bağlı tədbirlərin görüldüyünü və digər mühüm hadisələri xatırladan Heydər Əliyev Fondunun vitse-prezidentinin gənclərə mühüm çağırışı da vardı: “Artıq fəaliyyət göstərməyin vaxtı çatıb. Gələcəyi daha parlaq, daha yaşıl, daha təkmil qurmağa nail olacağıq”.
BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun aprelin 26-da davam edən təbirlərində isə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək bildirmişdir ki, Svilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub: “Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb”.
Prezident çıxışında müasir Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladaraq vurğulayıb ki, ancaq ölkə kimi tariximiz qədimdir: “ Multikulturalizm Azərbaycanın dövlət siyasətidir, son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük”.
Dövlət başçısı qeyd edib ki, 2008-ci ildə “Bakı prosesi”nin yaradılması təşəbbüsü irəli sürülüb: “Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərini bir yerə toplayıb. “Bakı prosesi” genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərarası dialoqa xidmət edir”.
Azərbacan Prezidenti cənab İlham Əliyev bildirib ki, müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb: “Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub. Beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Bəzi hallarda görürük ki, BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir.ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir”.
Qeyd edək ki, təbirdə qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və bir çox ölkələrin rəsmi şəxsləri çıxış edərək dünyaya sülh və əmin-amanlıq arzuladılar, dünyanı terrora və separatizmə qarşı birləşməyə səslədilər.
Əsrlər öncə sivilizasiyaların ticari əməkdaşlığını bərqərar edən Azərbaycan artıq bu ənənəni siyasi, mədəni, humanitar yönümdə gerçəkləşdirir. “Azərbaycan” ifadəsi beynəlxalq miqyasda olduqca intensiv işlənməyə başlayıb. Elə bu tədbirdə də 2000 nəfər iştirakçının - dünyanın nüfuzlu liderlərinin, ictimai xadimlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış biznes təmsilçilərinin, gənclərin timsalında dünya Bakıya toplaşıb. Sülhə, təhlükəsizliyə, rifaha və inkişafa yönəlmiş təşəbbüslər Bakıda birləşir. Bir sözlə, Bakı mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu önəmli bir paytaxtdır.
Elçin Zaman, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu