Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir.
MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümumi məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.
Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir. Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.
MDB-nin gələcək inkişaf Konsepsiyasına dair dövlət başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı ölkəmiz tərəfindən xüsusi rəylə imzalanmış və həmin xüsusi rəydə Azərbaycan Respublikasının MDB çərçivəsində fəaliyyətinin əsas prinsipləri öz əksini tapmışdır. Sergey Lebedev 5 oktyabr 2007-ci ildən etibarən MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib vəzifəsində fəaliyyət göstərir. MDB Dövlət Başçıları Şurasının 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilən iclasında MDB azad ticarət zonası ilə bağlı müqavilə imzalansa da, Azərbaycan bu müqaviləni imzalamamışdır.
Prezident İlham Əliyevin növbəti dəfə Bişkekə səfər etdi. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında iştirak edən dövlətimizin başçısı səfər çərçivəsində ayrıca Rusiyanın Prezidenti ilə də görüşdü. Görüşdə həm ikitərəfli əlaqələrin inkişafı və həm də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ ərazisindəki mövcud durum müzakirə olundu.
Azərbaycan Avrasiya miqyasında yaradılmış çoxsaylı əməkdaşlıq formatlarında təmsil olunur. Ölkəmiz bərabərhüquqlu əməkdaşlıq etməyə hazır olan bütün təşkilatlarla qarşılıqlı münasibətlərini daim inkişaf etdirir. MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət vektorlarından biri kimi daim inkişaf etdirilməkdədir.
Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin informatika müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü