21 oktyabr 2023 15:43
1843

O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR! -  Elçin Mirzəbəyli yazır

"Bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir”
Tomas Karleyl,
Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu

Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər, onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər. Bu yazıya "Dünən və bu gün”,  "Qəhrəmanlar, qəhrəmana pərəstiş və tarixdə qəhrəmanlıq”, "Tarixi və tənqidi təcrübələr” kimi seçilmiş insanların tarixdəki rolundan bəhs edən əsərlərin müəllifi,  şotland əsilli Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylin sözləriylə başlamağım təsadüfi deyil.

Karleylin şəxsiyyətlərin tarixdəki roluna münasibəti müasirlərindən, xüsusilə də şəxsiyyətlərin tarixdəki rolunu subyektiv ədəbi baxış bucağından təqdim etməyə çalışan müasiri Lev Tolstoydan və tənqidçisi Bertran Rasseldən daha aydın, daha əsaslandırılmış və faktolojidir. Tomas Karleyl ideya və məqsəd, həmçinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız filosofu Raymon Arondan fərqli olaraq, "təsadüflər” prizmasından yanaşmır”. Yaxud Hegel kimi "tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini” iddia etmir və mistik "bəşəri ruh” anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək və bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. Tomas Karleyl yazır: "İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir.

İdeya və məqsədlərinizi həyata keçirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir”. Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiyyədə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılandıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdığı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və antiqəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı gücünün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.

...Yenidən Tomas Karleylin, hədəf, məqsəd və iradə haqqında daha öncə iqtibas gətirdiyim fikirlərinə qayıtmaq və şəxsiyyətin tarixi proseslərdəki rolunu, onun öz içində, düşüncəsində cücərdiyi, inkişaf etdirdiyi və həyata keçirdiyi idealla bağlı konkret nümunəyə müraciət etmək istəyirəm.

Qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müsahibələrindən birində yer alan bu nümunəyə daha öncəki yazılamdan birində də diqqət çəkmişəm. İndiki halda, tarixi zəfərimizin və uğurlarımızın memarının sözügedən müsahibəsində yer alan önəmli məqamları yenidən gün işığına çıxartmaqda məqsədim, şəxsiyyətin, liderin öz idealına doğru necə inamla, qətiyyətlə addımladığını və xalqın arzusundən boy atan bu idealı milyonların hədəfinə çevirmək məharətini bir daha vurğulamaqdan ibarətdir. 

Beləliklə, Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də, "Hakimiyyətin formulu” müəllif proqramına müsahibəsində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı "Təsəvvür edin, siz "zaman maşını”nda keçmişə qayıtmağı bacarmızınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz”,- sualına belə cavab verir:

"...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.

Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il, sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Bu gün Ali Baş Komandanın 22 il öncə haqqında açıq danışmadığı, sadəcə işarə etdiyi müqəddəs ali məqsədin, ana xəttin, ata yolun necə addım-addım, həm də mükəmməl bir şəkildə qət edildiyinə şahidlik edirik. 
Bu, xalqın arzularının onun qəhrəmanının – liderinin düşüncəsində necə boy atdığının, müqəddəs ideala çevrildiyinin,  mürəkkəb, öncədən təxmin edilməsi mümkün olmayan kombinasiyalarla, zərgər dəqiqliyi ilə gerçəkləşdirildiyinin bariz nümunəsidir. Bu öz xalqını, Vətənini, dövlətini canından artıq sevən, həyatının mənasını xalqının qürurunun yüksəldilməsində, yürdünün, elinin bütövləşməsində görən ŞƏXSİYYƏTİN, LUDERİN, QƏHRƏMANIN timsalında bir insanın tarixin gedişatını dəyişə biləcək zəka və xarakterə sahib ola bilmək potensialının tarixin qaranlıq səhifələrinə boylanmadan, keçmişə ayna tutmadan, fəlsəfi mülahizələr içərisində itib batmadan gözümüzün önündə sərgilənən sübutur. 
Şəxsiyyətlərin tarixdəki rolu ilə bağlı keçmişə ayna tutmaq istəməsəm də, bizi bu günümüzə gətirən dünyagörüşünün, dərin strateji zəkanın ötən illərin foto və video görüntülərindən boylanan cizgilərinə nəzər salmağı vacib hesab edirəm. 

Sadə azərbaycanlı qəhrəman

1990-cı ilin 20 yanvar qırğınından sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndiliyində keçirdiyi mətbuat konfransından çəkilən foto və videogörüntülərə nəzər salıram. İlham Əliyev hüznlü və qayğılıdır. İçindəki etirazı gözlərində kök salan fikir yükü ilə, üz cizgilərində tarima çəkilən hüznlə pərdələdiyi açıq-aşkar görünür. O gündən başlayaraq, bizi Zəfərimizin mükəmməl bir şəkildə tamamlandığı günə qədər olan bütün fotoşəkilləri, təbii ki, hərəkətlilik və konkret situasiyaya uyğun reaksiya tələb edən məqamlar istisna olmaqla, göz önündən keçirirəm. Qəhrəmanımız bütün fotoşəkillərdə, gözlərini, həmin zaman kəsiyində sezə, mahiyyətini anlaya bilmədiyimiz məchul bir nöqtəyə dikərək düşünür... Yalnız özünün görə bildiyi uzaqlarda Böyük Zəfərimizə və Bütövlüyümüzə aparan yolun cizgilərini çəkir. 
İlham Əliyev qəhrəmanlığın və liderliyin bütün çalarlarıyla tarixin və yaşadığımız zamanın amansız gedişatını bizə qarşı olan misli görünməmiş haqsızlıq və ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşıyan İNSAN obrazıdır.

O, xalqının ağır günündə, bütün maneələrə baxmayaraq, onunla birlikdə olan, hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.

O, şəhid anasının gözlərindəki dərdi ürəyinə köçürən, Vətən yolunda canını fəda edən qəhrəmanların doğmalarının acısını öz ağrısı kimi yaşayan, şəhid məzarları önündə acısını köksünə sıxan qardaşdır...

O, Azərbaycan xalqının arzularını ifadə edən ata vəsiyyətini yerinə yetirdiyi üçün qürurunu, sevincini, öz yurduna geri dönənlərin sözlə ifadə edilməsi mümkün olmayan duyğularını gözünə sıxıb kövrələn övladdır, atadır!

O, 20 il ərzində öz xalqını zamanın dolanbaclarından keçirərək, məğlubiyyət sindromunu qətiyyəti və inamı ilə yenən, dünyanın haqsız düzənində meydan sulayan şərin himayəsinə sığınan qaranlığı zəkasının işığıyla qovan, total ədalətsizliyə savaş açan və qalib gələn sərkərdədir!

O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR! 

Elçin Mirzəbəyli