Ali Baş Komandanın bu cəsarətli addımı Azərbaycan xalqında birlik, mübarizlik əhval-ruhiyyəsini daha da yüksəltdi
Azərbaycanın ordu quruculuğu ilə bağlı apardığı müasirləşmə və strateji hazırlıqlar özünü tam doğrulda bildi. Sərkərdələrin də dediyi kimi təlimdə tər tökən ordu döyüşdə az qan tökər. Bu mənada, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki son 22 illik atəşkəs dövründə güclənən, ən müasir silahlarla zənginləşən, ən mürəkkəb hərbi təlimlərdən yüksək səviyyədə çıxan Azərbaycan Ordusu bu ilin aprelin 1-dən 2-nə keçən gecə Ermənistan hərbi birləşmələrinin təxribatlarına çavab olaraq əks-həmlə ilə ermənilərə ağır zərbələr vurdu. Qısa müddətli döyüşlərdə strateji əhəmiyyətli mövqelər ermənilərdən geri alındı.
Məhz bu qısamüddətli əks-həmlədən hücumdan doğan hərbi-siyasi üstünlükləri şərh edən xarici analitiklərin qənaətinə görə, Azərbaycan Ordusu genişmiqyaslı müharibəyə başlasa işğalçı Ermənistan ordusu Qarabağ torpaqlarından süpürülüb atılacaqdır.
Məhz bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev də son vaxtlar ermənilərin qoşunların təmas xəttində törətdikləri təxribatlarla bağlı bir çox məsələlərə aydınlıq gətiribdir. Belə ki, mayın 1-də Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında səfərdə olarkən Tərtər rayonundakı “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşən Ali Baş Komandan cəbhə bölgəsində baş verən son hadisələrdən danışıb. Prezident qeyd edib ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Hazırda təmas xəttində üstünlüyün tamamilə Azərbaycan tərəfində olduğunu və döyüş mövqelərimizin daha da möhkəmləndiyini söyləyən dövlət başçısı Azərbaycanın ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlərin özünü doğrultduğunu vurğulayıb.
Ağdam rayon ziyalılarından biri, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Tərtərdə və Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə görüşünü Azərbaycan Ordusunun qüdrətini və gücünü göstərən çox mühüm amil kimi dəyərləndirdi. O bildirdi ki, Azərbaycan xalqı, o cümlədən cəbhə xəttində yaşayan sakinlər bununla bir daha əmin oldular ki, dövlətin başında qətiyyətli, yenilməz sərkərdəsi dayanır. Bu amil Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdığı kimi, düşməndə də qorxu və inamsızlıq yaratdı. İskəndər Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev düşmənlə üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrinin sakinlərinin fədakarlıqlarını, cəsarətini və torpağa bağlılıqlarını xüsusi vurğulayıb və bunu əsl vətəndaşlıq nümunəsi kimi dəyərləndirib. Prezident həmçinin dağılmış evlərin, sosial obyektlərin tezliklə bərpa olunacağını bildirib.
Eyni zamanda, Prezident Ilham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə cəbhə bölgəsinə səfəri ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və dünyanın aparıcı media qurumlarının əsas mövzularına çevrilib. Siyasətçilər isə hesab edirlər ki, Ali Baş Komandan bu addımı ilə həm döyüş ruhu yüksələn əsgərlərimizin gücünə güc qatdı, həm də evləri dağılmasına baxmayaraq, düşmənlə üz-üzə dayanan vətəndaşlarımızın daim dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut etdi.
YAP Bərdə rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya da bildirdi ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttində vəziyyətin gərgin olduğu bir zamanda, Ermənistan tərəfindən intensiv olaraq mövqelərimizin atəşə tutulduğu bir vaxtda cəbhə xəttindəki kəndlərə səfər etmələri düşmənlə üzbəüz mövqelərə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində olmaları dövlət başçısının öz xalqına, Vətənə olan sevgi və məhəbbətinin göstəricisidir. Bu, bir daha təsdiq edir ki, cənab Prezident xalqın taleyini hər şeydən üstün tutur, hər bir vətəndaşın yanındadır. Eyni zamanda dövlət başçısı onu göstərdi ki, Ali Baş Komandan kimi ön səngərdəki əsgərlə, Prezident kimi düşmənlə üz-üzə yaşayan sadə vətəndaşlarla birlikdədir. Dövlət və onun güclü ordusu daim bu insanların mühafizəsindədir və bir qarış da olsun Azərbaycan torpağı Ermənistana qəti surətdə verilməyəcək. Burada güclü siyasi iradə və haqq var. Ədalət bizim tərəfimizdədir. Bir sözlə, bu hadisə cənab İlham Əliyevin əsl Ali Baş Komandan olduğunu bir daha təsdiqlədi”.
Fəqət Şadlinskayanın sözlərinə görə, dövlət başçısı cəbhə bölgəsinə etdiyi səfərlə ağır zərbə almış düşmənə bir daha qalib Ali Baş Komandan olduğunu xatırlatdı. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri və yerli sakinlərlə görüşü ilk olaraq dövlət başçısının daima hər bir Azərbaycan vətəndaşının yanında olduğunu sübut etdi: “Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə xəttində erməni vandalizmindən ziyan çəkən, evləri dağıdılan ailələrlə görüşləri, erməni təxribatları zamanı xəsarət alan mülki şəxslərə baş çəkmələri məndə qürur hissi doğurdu. Çünki o insanlar bir daha əmin oldular ki, dövlət onların yanındadır, arxasındadır. Yerli sakinlər də bunu bilirlər və bu səbəbdən də evləri düşmən mərmisi tərəfindən dağıdılsa da yurdlarını tərk etmirlər. Bu da düşmənə göz dağı verir”.
Fəqət Şadlinskaya vurğuladı ki, bu səfər həm də erməni ilə üz-üzə dayanan, mərdliklə mübarizə aparan və onlara ciddi itkilər yaşadan Milli Ordumuzun əhval-ruhiyyəsinin artmasına, mənəvi üstünlüyümüzün daha da yüksəlməsinə zəmin yaratmış oldu. Hər bir Azərbaycan əsgəri bu gün fəxarət hissi ilə Vətənə qulluq edir. Ali Baş Komandanın onlara baş çəkməsi isə döyüş ruhlarını daha da artırır. Bu fəaliyyət ölkə Prezidentinin siyasətinin, idarəçiliyinin tərkib hissəsidir. Cənab Prezidentin həm də Ali Baş Komandan kimi cəbhədə olması əsgərlərimizə, zabitlərimizə böyük ruh yüksəkliyi verdi və onların torpaqlarımızın tezliklə işğaldan azad olunmasına inamını artırdı”.
F. Şadlinskaya sonda bildirdi ki, aprelin əvvəllərində Milli Ordumuzun düşmənin burnunu ovmasından sonra Ali Baş Komandanın bu cəsarətli addımı Azərbaycan xalqında birlik, mübarizlik əhval-ruhiyyəsini daha da yüksəltdi.
Elçin Zaman, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu