Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim edilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov layihənin ilk günlərindən Çinin Azərbaycandakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında sıx əməkdaşlıq qurulduğunu bildirib. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb. “
Sevindirici haldır ki, Azərbaycanda Çin dilini öyrənmək istəyən tələbələr kifayət qədər çoxdur. İnanıram ki, belə layihələrin sayı gələcəkdə artacaq, Azərbaycan-Çin əməkdaşlığı daha da inkişaf etdiriləcək. Bu gün artıq 50-dək tələbəmiz bir neçə kursu uğurla başa vurub”, - deyə o əlavə edib.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min bildirib ki, Azərbaycanda bir sıra orta məktəblərdə Çin dilinin tədrisi barədə razılıq əldə edilib, həmçinin universitetlərdə belə layihələrin davam etdirilməsi nəzərdə tutulur. Çin dili kurslarını bitirən tələbələrə uğurlar arzulayan xanım Qo Min gələcəkdə onların iki ölkə arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəklərini deyib.
Qeyd olunub ki, Çin dili kursları 2019-2022-ci illəri əhatə edib. Ümumilikdə 35 tələbə həmin kurslarda iştirak edərək, Çin dilində dinləmək, danışmaq, oxumaq və yazmaq kimi ilkin biliklərə yiyələnib.
Hazırda dünyada Çin dilinə maraq göstərənlərin sayı artır. Son illərdə iqtisadi sahədə əldə etdiyi uğurlar səbəbindən Çin dili dünyada ən çox yayılan dillər siyahısında qərarlaşıb.
Bakıdakı Çin dili kursları layihəsinin tərəfdaşları UNEC, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetidir.
Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim olunub.