Bakıda İtaliya Viza Mərkəzinin açılışı olub.
“İki sahil” xəbər verir ki, açılış mərasimində İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edib.
"Mərkəzin açılışı ilə bağlı işə mən Azərbaycana gələndən başlamışıq, proses iki il davam edib. Avropa, eləcə də İtaliya azərbaycanlıların səyahət etdiyi, getdiyi əsas regiondur", - o bildirib.
Səfir deyib ki, artıq səfirliyin də heyəti genişlənib: "Biz il ərzində 10 000-dən çox müraciət alırıq. Artıq bu Mərkəzdə Maltaya da viza veriləcək. Biz azərbaycanlılara daha yaxşı xidmət göstərəcəyik”.
Səfir qeyd edib ki, səfirlik nəzdində hərbi attaşelik ofisi də açılıb: "Bizim hərbi sahədə də əməkdaşlığımız var və bu, vacibdir. Özünüz də görürsünüz ki, heyətimiz genişlənib”.
Səfir Taffuro deyib ki, İtaliya Azərbaycanın vacib tərəfdaşıdır.
"Biz Azərbaycanın əsas neft-qaz alıcılarındanıq. Müxtəlif sahələrdə əməkdaşlığımız var. Biz bu ölkəni sevirik", - İtaliya səfiri vurğulayıb.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da çıxışında deyib ki, bu mərkəzin açılması vacibdir: "Şadam ki burdayam. Bu, vacib andır. İndi viza üçün müraciət edənlər üçün daha rahat olacaq. Bu iş adamlarına, tələbələrə, turistlərə rahat viza almaq imkanı verəcək. Çünki bizim xalqlarımız bir-birini tanımaq istəyir".