20 noyabr 2023 23:48
216

Vətən sevgisinin əbədiyyət yolu

İkinci Qarabağ müharibəsində Azərbaycanın əzəli, əbədi  torpaqlarınin azadlığı naminə tarix yazan,  30 yaşında şəhidlik zirvəsinə ucalan  Vətən Müharibəsinin Qəhrəmanı, gizir İntiqam Əsgərli ilə bütün Masallı camaatı qürur duyur. Əbədiyaşar qəhrəmanın xatirəsinə ehtiram əlaməti olaraq adını özündə yaşadan yadigarlar  burada çoxdur.  Milyonların ürəyinə köçən qəhrəman Vətən oğlunun  sorağı  indi harada bir günəş müqəddəsliyi var oradan gəlir. Bu günlərdə  isə Viləş kənd tam orta məktəbində  qəhrəman şəhidin anım mərasimi keçirildi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri,  müharibə veteranların , kənd sakinlərin və media nümayəndələrin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni  oxundu və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Kənd tam orta məktəbinin tarix müəllimi R. Babayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndəsi  Z. Sadıqov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon Təhsil Şöbəsi sektorunun məsləhətçisi H. Balakişiyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının  Viləş kənd İƏD üzrə nümayəndəsi A. Ələmov, qazi, 5 medallı B. Salayev,  məktəbin direktoru E. Abbasov  və başqaları çıxışlarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında  qazanılan tarixi qələbədən, ordu-xalq birliyindən, Vətən yolunda canını qurban verən igidlərin qanının yerdə qalmadığından söhbət açdılar, İntiqam təkcə Bayramın yox, bütün Azərbaycanın, dünya azərbaycanlılarının övladıdır dedilər.

İki şəhid valideynləri-Bayram kişi və Ziba ana  şəhid  ailələrinə  hər zaman  göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirdilər.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin 11 illik incəsənət məktəbinin nəğmə müəllimi Mahmud Abbasovun,  kənd mədəniyyət evinin aktyor və müğənnilərin, məktəb şagird və müəllimlərin iştirakı ilə maraqlı və yaddaqalan bədii motivlər əsasında hazırlanmış ədəbi kompozisiya, gözəl rəqslər və tamaşa tədbirə özgə bir ovqat qatdı . 

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü