21 noyabr 2023 01:36
455

D vitamini haqqında bunları bilirdinizmi?

D vitamini sağlamlığın qorunmasında mühüm rol oynayır və çatışmazlığı ciddi nəticələrə səbəb ola bilər. Rusiyalı doktor Aleksandr Myasnikov “Rossiya” telekanalında yayımlanan müəllif proqramında D vitamininin bizə tam olaraq nə üçün lazım olduğundan və ondan düzgün istifadə etməyin yollarından danışıb. O, ilk növbədə D vitaminin insan üçün faydalarını sadalayıb.

Sümük sağlamlığı üçün

Onun əsas funksiyalarından biri sümük sağlamlığını qorumaq və osteoporozun qarşısını almaqdır. Bu vitamin kalsiumun düzgün mənimsənilməsi üçün lazımdır ki, bu da öz növbəsində sümüklərin və dişlərin möhkəmliyini təmin edir.

Əzələ sistemi üçün

Statistikaya görə, D vitamini çatışmazlığı subklinik əzələ ağrısı və müxtəlif xəstəliklərin riskinin artması kimi özünü göstərə bilər.

Ümumi sağlamlıq üçün

Vitamin D təkcə “skelet gücləndirici” rolunu oynamır. Bu vitamin orqanizmdə hormon kimi fəaliyyət göstərir, orqan funksiyalarının müxtəlif səviyyələrinə - beyindən hüceyrə membranlarına qədər təsir göstərir.

Kimlər qəbul etsin?

Doktor Myasnikov aşağıdakı qrup insanlara D vitamini qəbul etməyi tövsiyə edir: hamilə qadınlar, həyatın ilk günlərindən körpələr, qocalar, vegeterianlar, böyrək problemi və piylərin sorulması problemi olanlar, osteoxondroz və digər xəstəliklərdən əziyyət çəkənlər.

Necə istifadə etməli?

İlk növbədə, D vitamini təbii mənbələrdən əldə edilə bilər. Bu vitaminin əsas mənbəyi günəş işığıdır. Onu qidadan da ala bilərsiniz - bəzi balıq növlərində və süd məhsullarında çox olur. Qidadan və günəş işığından D vitamini kifayət qədər qəbul edilmədikdə, xüsusi əlavələrdən, vitamin D kapsullarından istifadə etmək olar.

"Öz adımdan deyəcəyəm: D vitamini kənardan qəbul etməyin mənası olan yeganə vitamindir", – deyə doktor Myasnikov vurğulayıb.

Ehtiyat üsulları

Unutmayın ki, hər hansı bioloji aktiv maddə qəbul edərkən, tövsiyə olunan dozalara riayət etmək vacibdir. Vitamin qəbul etməyə başlamazdan əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Nubar Süleymanova, “İki sahil”