21 noyabr 2023 00:47
245

Ölkəmizin qlobal təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər həm mahiyyət, həm də müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqət çəkir. Hazırda tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlar bütün istiqamətlərdə əlaqələrin inkişafına yenidən diqqət yetirməyi bir tələb kimi qarşıya qoyur. Ölkəmiz daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir, bunu nəinki sözdə, əməldə də təsdiqləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı səmərəli fəaliyyəti, həmçinin təşkilata üzv dövlətlər arasında münasibətlərin hazırkı inkişafı qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Ölkəmizin ona göstərilən etimadı doğrultması Qoşulmama Hərəkatına sədrliyinin  120 üzv  ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ilə nəticələndi. Dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın, Qoşulmama Hərəkatındakı fəaliyyəti mühüm rola malikdir. Qoşulmama Hərəkatının prinsipləri ilə Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri üst-üstə düşür.  Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatı son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha təsirli, daha səmərəli fəaliyyət göstərir və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına daha çox cavab verir.

Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğurlara imza atıb. Noyabrın 20-də Bakıdaş öz işinə başlayan “ Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə, onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılır. Bu konfrans  Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında həyata keçirilir. Konfransda öncə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib: “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən Konfransda sizi salamlayıram. Üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilmişdir. Sədrliyimizin müddətinin yekdilliklə 2023-cü ilə qədər daha bir il uzadılması Azərbaycanın Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Biz ölkəmizə olan bu etimadı yüksək qiymətləndiririk. Qadınların ictimai, siyasi, sosial və humanitar sahələrə, o cümlədən, elm və maarifçiliyin inkişafına verdikləri böyük töhfələr danılmazdır. Əsrlər boyu Azərbaycan qadınları zəngin mədəniyyətimizin, ənənələrimizin və ailə dəyərlərimizin qorunmasında, milli köklərinə sadiq nəslin yetişdirilməsində vacib rol oynayıb. Hələ 1901-ci ildə müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb, məhz, Bakıda açılmışdır. Azərbaycan əksər Avropa ölkələrini qabaqlayaraq 1919-cu ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk respublika olmuşdur.

Azərbaycanda qadın hüquqlarının təmin olunması və onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artırılması daim diqqət mərkəzindədir. Bu gün də Azərbaycan qadınları elm, təhsil, səhiyyə, incəsənət və digər sahələrdəki əzmkar və çoxşaxəli fəaliyyətləri ilə ölkəmizin rifahına və tərəqqisinə dəyərli töhfələr verirlər. Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 63 faizini qadınlar təşkil edir. Dövlət tibb müəssisələrində çalışan  kadrların  70 faizi qadındır. Yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 40 faizdir. Dövlət tərəfindən özünüməşğulluq proqramlarına göstərilən dəstək tədbirləri nəticəsində fərdi sahibkar qadınların da sayı artmaqdadır.

Torpaqlarımızın Ermənistanın 30 illik işğalından azad olunması, tarixi Zəfərin qazanılması Azərbaycan qadınlarının vətənpərvərlik ruhunda tərbiyə etdiyi oğulların sayəsində mümkün olmuşdur.

Hazırda, Azərbaycanın sosial-iqtisadi inkişafının əsas prioritetlərindən biri işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etməkdir. Bu xüsusda, dədə-baba yurdlarına qayıdan keçmiş məcburi köçkün qadınlara iş imkanlarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qoşulmama Hərəkatı qadınların hüquqlarının müdafiəsi sahəsində vacib rol oynamaq imkanına malikdir. Qoşulmama Hərəkatının Qadınlar Platformasının təsis edilməsi bu istiqamətdə fəaliyyətə müsbət təkan verəcəkdir.”

Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən, 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında dialoqun genişləndirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb.

Qoşulmama Hərəkatı platformasında keçirilən görüşlərdə hər dəfə Azərbaycan öz reallıqlarını həmin dövlətlərə çatdırmaq üçün bu imkanı düzgün dəyərləndirir.

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etməyə başladığı vaxtdan onun institutsional inkişafına təkan verən ideya və təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin liderliyi ilə Hərəkat öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Ölkəmiz COVID 19-la mübarizədə qlobal səylərin birləşdirilməsində mühüm rol oynayıb. Özünün dövlət maraqlarından çıxış edərək dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı kimi beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində, nüfuzunun yüksəlməsində Qoşulmama Hərəkatındakı fəaliyyəti mühüm rola malikdir. Təmsil olunduğu vaxtdan təsisatın təməl prinsiplərinə sadiqliyini nümayiş etdirən ölkəmiz üzv dövlətlərlə həmrəylik nümayiş etdirib və qlobal xarakterli ədalətli təşəbbüslərə öz dəstəyini verib. Həmçinin Hərəkat uzun illər təcavüzün qurbanı olmuş ölkəmizin əsl həqiqətləri dünyaya daha obyektiv və dolğun çatdırması üçün əhəmiyyətli platforma olub. Qarabağ savaşı zamanı və ondan sonrakı dövrdə Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq. Vətən müharibəsi zamanı xüsusi bəyanatın qəbul olunması, ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyin ifadə edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycan əleyhinə qərəzli bəyanat qəbul etdirmək cəhdlərinin qarşısının alınması qurumun ədalətli və vahid mövqeyinin əlamətlərindəndir. Azərbaycan regionda sülhün və əmin-amanlığın əldə olunması üçün səylərini səfərbər etmiş bir tərəfdir. Təəssüf ki,  Ermənistan bu proseslərdən qaçır.

Qısa təhlil əsasında bu qənaəti qeyd edə bilərik ki, əgər, hər bir beynəlxalq qurum, eyni zamanda, onların bir araya gətirdiyi dövlətlər  maraqları bir kənara qoyub ümumi mövqe nümayiş etdirsələr hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq mümkündür. Həmçinin bu da  qeyd olunmalıdır ki,beynəlxalq qurumların fəaliyyətlərində  önəm verilən prinsiplər sadəcə kağız üzərində  qalmaq üçün qəbul olunmamalıdır.Çünki bu, digər problemlərin də baş qaldırmasına gətirib çıxarır.Bununla belə, Qoşulmama Hərəkatı yarandığı vaxtdan hər zaman ədalətin, beynəlxalq hüququn yanındadır.

Şəmsiyyə Əliqızı, «İki sahil»