16 may 2016 14:35
403

Ermənistanın növbəti təxribatı

Ermənistan təmsilçisinin “Eurovision-2016” mahnı müsabiqəsinin yarımfinalında qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağını” dalğalandıraraq, musiqi yarışmasından siyasi məqsəd kimi istifadə etmək cəhdi cəzasız qalmamalıdır

Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu  təbii resurslara görə dünyanın diqqətində olub.  Bu gün ölkəmizin beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı dinamik inkişaf edən, demokratik ölkə kimi tanınması düzgün qurulan siyasətin nəticəsidir. Bu faktı da etiraf edək ki, Azərbaycanın bir-birindən əhəmiyyətli uğurları  heç də  bütün qüvvələr tərəfindən sevinclə qarşılanmır. 

Dövlətimizin  başçısı İlham Əliyev çıxışlarında daim bu məsələyə xüsusi diqqət yönəldərək bildirir ki, bizə qarşı informasiya müharibəsi  aparılır. Bu işdə ilk olaraq  erməni lobbisi öz  fəallığı ilə seçilir.  Azərbaycanın reallıqlarını inkar etmək, ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini   dünyaya özlərinə sərf edən şəkildə  təqdim etmək cəhdləri  ermənilərin və erməni  lobbisinin çirkin əməllərindən qaynaqlanır.

Prezident  İlham Əliyev ölkəmizin  iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi uğurları geniş təhlil edərək  Ermənistanın heç bir  sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını bildirir: “Bu gün Azərbaycan bölgədə  o nadir ölkələrdəndir ki,  öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda  gələcəkdə əlbəttə ki,  Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də  demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir.” İşğalçı dövlətdə bu gün demoqrafik vəziyyətin hansı səviyyədə olduğu bəllidir. Eyni zamanda ölkədən kütləvi tərketmələr daha da intensivləşib. İqtisadi böhran içərisində çapalayan     Ermənistanın rəhbərliyi vəziyyətdən çıxış yolunu aldadıcı vədlərdə görsə də, ölkə əhalisi artıq yalanlara əhəmiyyət vermir. İqtisadiyyatı iflic vəziyyətində  olan bir ölkənin güclü sosial siyasətdən, ordudan  danışması inandırıcı görünə bilməz.  Bu fakt da aydındır ki, Ermənistanın büdcəsinin 70-80 faizi erməni lobbisinin maliyyə yardımları əsasında formalaşır.

Bir sözlə, üstünlük hər bir sahədə Azərbaycanın tərəfindədir.     Ölkəmizin iqtisadi qüdrətinin artması siyasi mövqeyinin möhkəmlənməsinə stimul verir. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də dövlətimizin diplomatik uğurlarından qaynaqlandı. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir, qəbul olunan qərar və qətnamələrdə erməni işğalçılarının torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilir. Təbii ki, bu uğurların qazanılmasında ölkəmizin müstəqil siyasətinin rolu inkaredilməzdir.

Azərbaycanın uğurlarını böyük qısqanclıq hissi ilə qarşılayan işğalçı Ermənistan bunu törətdiyi təxribatlarla təsdiqləyir. Mütəmadi  olaraq atəşkəsi pozmaq cəhdləri, danışıqlar prosesindən yayınmalar kimi addımlar da onların çirkin niyyətlərinin açıqlanmasında yardımçıdır. Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının  təmas xəttində yaşananlar deyilənlərə bariz nümunədir. Belə ki, ermənilər  cəbhə xəttində növbəti təxribat törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdılar.  Azərbaycan tərəfi beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq əks-həmlə əməliyyatını və cavab tədbirlərini aprelin 3-dən birtərəfli qaydada dayandırdığını bəyan etsə də,  Ermənistan tərəfi  əksinə, hərbi əməliyyatların intensivliyini artırmağa və ciddi cəhdlə qarşıdurmanın davam etdirilməsinə çalışır. Bu günə qədər atəşkəsin mütəmadi olaraq pozulması da bunun təsdiqidir. 

Təhlillər aparsaq erməni təxribatlarının davamlı olduğunu görərik.   Lakin hər dəfə də onlar cəhdlərinin boşa çıxdığının şahidinə çevrilirlər. 

Bu günlərdə “Eurovision-2016” mahnı müsabiqəsinin yarımfinalında Ermənistan təmsilçisinin  törətdiyi təxribat da onların bu günə qədər çirkin niyyətlərindən qaynaqlanan cəhdlərinin tərkib hissəsidir.  Ermənistan təmsilçisinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağını” dalğalandırmaqla  musiqi yarışmasından siyasi məqsəd kimi   istifadə  etmək cəhdi birmənalı qarşılana bilməz.  Daim atdıqları addımlar barədə   “xoş niyyət” təsəvvürü yaratmağa adətkar olan ermənilər yenə də ənənələrinə sadiqlik nümayiş etdirdilər.  Belə ki, Ermənistan  təmsilçisi yarımfinaldan sonra keçirilən mətbuat konfransında qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağını” “Eurovision” mahnı müsabiqəsində dalğalandırmasını guya ölkəsinin sülhün tərəfdarı olması ilə əlaqələndirdi. Məntiqsiz açıqlama deyilmi? Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi beynəlxalq ictimaiyyətə təqdim edən işğalçı dövlətin rəhbərliyinin apardığı siyasətdən qaynaqlanan bu addım eyni zamanda   dünyanın hər zaman  “təsadüf” adı altında pərdələdiyi  ikili siyasətdən qaynaqlanır. Nə zamanadək işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığına görə təzyiqlər göstərilməyib, əksinə sığallar artıb, bu halda belə sərsəm addımlar çox olacaq.  Musiqi yarışmasını siyasiləşdirmək təbii ki, yolverilməzdir. Ermənilərin hər addımda   Azərbaycan reallıqlarını inkar etmək, yalanlarını dünya ictimaiyyətinə həqiqət kimi sırımaq cəhdləri hər zaman fakt qarşısında iflasa uğrayıb. Bu kimi hadisələr ermənilərin və erməni lobbisinin Azərbaycanın 2012-ci ildə “Eurovision” mahnı yarışmasına ev sahibliyi etdiyi zaman göstərdikləri cəhdləri yada salmaq məcburiyyətində qoyur.  Həqiqət budur ki,  siyasət  reallığa söykənəndə, həqiqəti özündə əks etdirəndə  daha  uğurlu olur, beynəlxalq dəstək qazanır. Bu günə qədər  müstəqilliyi formal xarakter daşıyan,  çirkin niyyətləri  ucbatından bütün enerji  layihələrindən kənarda qalmaqla iqtisadi  böhran içərisində capalayan bir dövlətin xalqlar, dövlətlər arasında körpü rolunu oynayan musiqi yarışmasından siyasi məqsəd güdməsi bir daha sübut edir ki, bütün məqamlardan istifadə etməklə işğalçılıq siyasətini pərdələməyə çalışan Ermənistanın təkcə siyasətçiləri deyil, incəsənət nümayəndələri də separatçı, şovinist və etnik dövlət formalaşdırmağın tərəfdarıdırlar.

Yeganə Əliyeva, “İki sahil”