23 noyabr 2023 13:52
893

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresdə “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunub.

Sərgidə tarixi İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunub.

***

Ölkə Prezidenti cənab İlham Əliyevin yurd yuvasından didərgin düşmüş, Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətinə elmi əsaslarla dəstək olmaq, həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq məqsədilə Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilir.

“İki sahil” xəbər verir ki, festival-konqres iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək.
Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Əməkdar artisti Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.

Festivalda, həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.