Yəqin ki, hər kəs təcili olaraq şirin bir şey yemək istəyi ilə qarşılaşıb. Statistikaya görə, hər bir insan gündə təxminən 100 qram şəkər yeyir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsiz limitindən iki dəfə çoxdur. Bəziləri stress zamanı şirniyyat yeyir, bəziləri isə bununla orqanizmdə müəyyən mikroelementlərin çatışmazlığını kompensasiya edir. Bəs bu zərərli vərdişdən necə qurtulmaq olar?
“Rosiya” telekanalında yayımlanan “Ən vacibi haqqında” proqramının mütəxəssisləri bu barədə danışıblar və aşağıdakı məsləhətləri veriblər:
Fiziki fəaliyyətlə alınan kaloriləri mütləq kompensasiya edin
Kobud desək, nə qədər yemisinizsə, o qədər də “xərcləməlisiniz”. Məsələn, bir dilim tort 15 dəqiqə gəzməyə və ya 30 dəfə çömbəlməyə bərabərdir.
Xromla zəngin qidalar yeyin
Alimlər müəyyən ediblər ki, xrom çatışmazlığı insanlarda şirniyyata tamamilə izaholunmaz həvəs yarada bilər. Xromun tərkibinə görə rekorda sahib olan məhsullar arasında tuna balığı, qızılbalıq, malın qaraciyəri, toyuq budu, yumurta, çuğundur və xurma var. Gündəlik pəhrizinizi nəzərdən keçirmək və bu məhsulları ona əlavə etmək lazımdır. İlk növbədə, 100 qramında bu mikroelementin gündəlik tələbatının təxminən yarısını ehtiva edən balıqlara diqqət yetirməlisiniz.
Yeni sağlam vərdiş formalaşdırın
Şirin bir şey istəyirsinizsə, sağlam bir işlə məşğul olun. Məsələn, tozları silin, qabları və ya döşəmələri yuyun, mebellərin yerini dəyişin. Psixoloqlar əmin edirlər ki, bu hərəkətlər insanda müəyyən refleks asılılığı formalaşdırmağa qadirdir. "Görəcəksiniz ki, cəmi bir həftədən sonra şirniyyatdan çəkinməyə başlayacaqsınız",-deyə doktor Sergey Aqapkin bildirib. Onun sözlərinə görə, insan şirniyyatı “bayram” kimi qəbul edir.
Aromaterapiya təşkil edin
Araşdırmalar göstərib ki, bəzi efir yağları şəkərə olan ehtiyacı azaldır. Bunlara portağal, lavanda, kardamon və darçın daxildir. "Bir az yun sap götürürsünüz, onu biləyinizə sarıyırsınız, sapa bir damla efir yağı vurursunuz. Gün ərzində qoxusunu içinizə çəkirsiniz və bu, şirniyyata olan həvəsinizi azaldır", -deyə doktor Aqapkin iddia edir.
Nubar Süleymanova, “İki sahil”