24 noyabr 2023 12:13
617

İbrahim Kərbalayev: Bu il “Azəriqaz”a 10 minə yaxın müraciət daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-oktyabr aylarında müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9 831 müraciət daxil olub.

“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 420 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 10 ayı ilə müqayisədə 783 müraciət azdır”.

İ. Kərbalayev bildirib ki, daha 5 411 müraciət elektron formada daxil olub.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib”.