Ermənilərin İŞİD və PKK ilə radioaktiv maddələrin bazarlığına dair məlumatlar mövcuddur
Ermənistan bir ölkə kimi yalnız hərbi-siyasi terror mənbəyi deyil, həm də Metsamor Atom Elektrik Stansiyası (AES) ilə Qafqazı nüvə təhlükəsi ilə təhdid edir. Bu barədə dəfələrlə böyük elm adamları, dövlət xadimləri həyəcan təbili çalsalar da, stansiyanın fəaliyyətinin dayandırılması istiqamətində heç bir addım atılmır.
Paytaxt Yerevandan təxminən 40 kilometr qərbdə, Metsamor şəhərində yerləşən bu stansiyanın tikintisinə 1973-cü ildə başlanılıb və 1979-cu ildə istismara verilib. Amma elə o vaxtdan stansiyanın seysmik zonada inşa edilməsi fonunda onun təhlükəli olması ilə bağlı ciddi xəbərdarlıqlar edilibdir.
Xatırlatmaq yerinə düşərdi ki, 1998-ci ildə Ermənistanda baş vermiş dağıdıcı zəlzələnin mərkəzi Metsamor stansiyasından cəmi 75 kilometr aralıda yerləşirdi. Bunu nəzərə alan sovet hakimiyyəti təhlükəsizliyin təmin olunması üçün sözügedən stansiyanın fəaliyyətini dayandırmağa məcbur oldu. Lakin ötən əsrin son dekadasında ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq etirazlara baxmayaraq, stansiyanın işini bərpa etmək qərarına gəldi.
Lakin kifayət qədər köhnə texnologiya ilə inşa olunan bu stansiyanın nə dərəcədə ciddi təhdid mənbəyi olduğunu 2011-ci ildə Yaponiya kimi inkişaf etmiş ölkədə baş verən zəlzələ nəticəsində “Fukusima-1” stansiyasında baş verən faciə əyani şəkildə bir daha nümayiş etdirdi.
Yaponiyanın “Fukusima-1” stansiyasının Metsamorla müqayisədə xeyli modern və daha yüksək texnologiya ilə inşa olunması nəzərə alındıqda, onda ikincinin necə böyük təhdid mənbəyi olduğunu daha əyani şəkildə təsəvvür etmək olar. Ermənistanın ekologiya təşkilatlarının fəalları da etiraf edirlər ki, Metsamor AES olduqca təhlükəlidir. Çünki stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, digəri 16 kilometr, daha biri isə 500 metr məsafədədir.
Cari ilin aprelində bir qrup erməni beynəlxalq təşkilatlara müraciət edərək onları bu təhdiddən xilas etməyə də çağırıb. Metsamor və Ermənistanın digər bölgələrindən olan bir qrup şəxs BMT-nin Beynəlxalq Atom Enerjisi üzrə Agentliyinə məktub da göndərib. Burada Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin bitdiyi, saxta sənədlər hazırlanaraq istismar vaxtının qanunsuz uzadıldığı, eyni zamanda, seysmik zonada yerləşən stansiyanın çevrəsində 5 tektonik çat olduğu bildirilərək, zəlzələ baş verərsə, Cənubi Qafqazın əksər hissəsində həyatın məhv olacağı vurğulanıb.
Bildirilir ki, təhlükə səbəbindən öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olan Metsamor sakinləri Yerevana, Abovyana və başqa yerlərə köçürlər. Digər tərəfdən, Metsamor AES-in quruluşu və yaşı onun zəlzələyə davamlı olmasına şübhələr yaradır. Sözügedən AES yalnız 8 bal gücündə zəlzələyə hesablanaraq inşa edilməsinə baxmayaraq, 11 bal gücündə zəlzələ riski olan ərazidə yerləşir. Bu fonda Metsamor AES-in istismarı təkcə Azərbaycanın deyil, bütün region dövlətlərinin ekoloji təhlükəsizliyinə ciddi təhdiddir. Bununla yanaşı, sözügedən stansiya Avropa məkanı üçün də ekoloji təhlükə mənbəyidir. Amma buna rəğmən, Ermənistan tərəfi bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də qeyri-konstruktiv mövqe nümayiş etdirir. Hətta bütün təzyiq və narazılıqlara baxmayaraq, Ermənistan hökuməti AES-in istismarını dayandırmır.
Ekspertlər isə hesab edirlər ki, Metsamor AES-də baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaq. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da, Ermənistana buna görə hələ də təzyiq edilmir. Halbuki Metsamor AES-in istismar müddətinin başa çatmasını, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq, Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda və böyüklükdə təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir. Avropa Şurasının Parlament Assambleyası qəbul etdiyi sənədlərdə dəfələrlə bu AES-in fəal seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu narahatlıqla ifadə etməsinə baxmayaraq, AES hələ də fəaliyyət göstərməkdədir.
Daha bir təhdid isə ondan ibarətdir ki, beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq, bu bəla bəşəriyyət üçün bir nömrəli problemə çevrilməkdədir. Bu fonda AES-in radioaktiv maddələrin qaçaqmalçılıq mənbəyinə çevrilməsi əlavə təhlükədir. Özü də bu xüsusda kifayət qədər faktlar mövcuddur. Məsələn, hələ 1999-cu ilin mayında Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kiloqram U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstərərkən və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bundan iki il sonra Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub.
Ümumiyyətlə, son 15 ildə Ermənistan vətəndaşlarının qaçaqmalçılıq yolu ilə zənginləşdirilmiş uranı dəfələrlə Gürcüstan sərhədlərindən keçirməyə cəhdlər etdiyi məlumdur. Cari ildə daha iki belə fakt qeydə alınıb. Bu ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində, Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.Yenə də bu ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyib.
Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış ki, bu da təhlükənin miqyasını daha da artırır. Artıq ermənilərin beynəlxalq terrorçu təşkilatlar olan İŞİD və PKK ilə radioaktiv maddələrin bazarlığına dair məlumatlar da mövcuddur.
Onu da unutmaq olmaz ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaradıb və onların da Metsamor AES-in imkanlarından dünyaya qarşı məqsədli istifadə etməsi qətiyyən istisna olunmur.
Elçin Zaman, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu