28 noyabr 2023 23:07
280

Tarixi ədalətin təntənəsi

Ağdərə rayonu yenidən yaradılır

Prezident İlham Əliyev son 3 ildə işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, dövlət başçımız Ağdərə rayonunun yaradılması ilə bağlı Milli Məclisə qanun layihəsi göndərib. Qanun layihəsində rayonun inzibati mərkəzinin Ağdərə şəhəri olacağı qeyd edilib. Layihəyə əsasən Suqovuşan qəsəbəsi yenidən rayonun tərkibinə verilir. Bundan başqa, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və torpaqları Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi yenidən Ağdərə rayonunun təşkil olunur.

Qeyd edək ki, Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil olunub və 1923-cü ildə qeyri-qanuni yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin  tərkibində olub. Eyniadlı rayon mərkəzi 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri vaxtilə sahəsi 1705 kvadratkilometr, əhalisi 44.4 min nəfər təşkil etmiş qədim tarixi torpaqlarımızdandır. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək ərazisi Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür. Ağdərə şəhəri bir çox ərazilərimiz  kimi, Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci ildə Silahlı Qüvvələrimizin hücumu nəticəsində iyulun 4-də erməni işğalçılarından azad edilib. Bundan sonra bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Nəhayət, 27 iyun 1993-cü ildə ermənilər Ağdərə şəhərini yenidən işğal altına alıblar.

Ağdərədə bir çox tarixi abidə yerləşir. Yamyaşıl yaylaqların, uca dağların qoynunda yerləşən Ağdərə tarixi abidələri ilə seçilir. Vəngli kəndindəki məşhur Gəncəsər Alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) bunun əyani nümunəsidir. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı hissəsində yerləşən məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər təəssüf ki, mənfur düşmən tərəfindən dağıdılıb.

Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla - polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. İşğal altına düşməzdən əvvəl mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Ağdərə yataqlarındakı filizlərin tərkibində asan saflaşan və sənaye əhəmiyyətli sink, qurğuşun və digər qiymətli metallar da mövcud idi. Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı dərəsi boyunca Azərbaycanı yuxarı və aşağı Qarabağla birləşdirən karvan və avtomobil yolları olub.

Ermənilər 30 illik işğal dövründə digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunda da misli görünməmiş özbaşınalıqlara əl atıblar. Belə ki, tarixi yer adları dəyişdirilib. Rayona Mardakert adı verilib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb. Bu isə öz növbəsində ən ağır müharibə cinayətlərindən biri sayılır. İşğalçı ölkə uzun illər bu torpaqlarda təbii sərvətləri talan edib, gözəl guşələri, tarixi abidələri yerlə-yeksan edib. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı isə ermənilərin ekoloji terroruna məruz qalıb. Yaranmış vəziyyətlə bağlı ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsində də öz əksini tapıb. Qəbul edilən qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması "ekoloji təcavüz" kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilib, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb.

Ermənilər işğal dövründə Ağdərə rayonunun ərazisində də qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar. İşğaladək rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonu həmçinin faydalı qazıntı ehtiyatları ilə zəngin idi. Burada zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq yatağı var idi.  Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton dəyərləndirlən qurğuşun, 40,4 milyon ton olan  sink resursları cəmləşmişdi. Rayonun ərazisində həmçinin ehtiyatları 100 milyon ton dəyərləndirlən Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yataqları vardı. Eyni zamanda, Ağdərə, Şorbulaq-I, Şorbulaq - II mişar daşı yataqları, Ağdərə gəc yatağı düşmənlərin əlinə keçdi.

İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın şirkətləri tərəfindən talan olunub. Ağdərənin Mehmana mis yatağı xarici investorlara  satılıb. Lakin artıq ermənilərin qanunsuz fəaliyyətlərinə son qoyulub.

Dövlət başçımız noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında deyib: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər - sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.

Nigar Orucova, “İki sahil”