29 noyabr 2023 02:16
391

Daha bir Qarabağ müjdəsi...

Xankəndidə universitetin yaradılması xəbəri bütün qarabağlıların sevincinə səbəb olub

Tarixi Zəfərimizdən keçən üç il ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, misli görünməmiş layihələrin icrası davam etdirilir. Azərbaycan dövlətinin prioritet istiqamət kimi yanaşması nəticəsində görülən işlər bölgənin sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə Qarabağın və Şərqi Zəngəzurun yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Qürurvericidir ki, artıq Laçın və Füzuli şəhərlərinin, Zəngilan rayonunun Ağalı, Laçın rayonunun Zabux, Tərtər rayonunun Talış kəndlərinin timsalında uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışının startı verilib, Şuşa, Xocalı, Xankəndi tezliklə öz sakinlərini qarşılamağa hazırlaşır.

Əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, həmçinin qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi görülən işlərə yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir. Qarabağda ali təhsil ənənəsinin tarixən mövcudluğunu da nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işlərinin formalaşdırdığı əmək bazarının tələbləri regionda kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkilini zərurətə çevirmişdi. Bu mənada Azərbaycan Respublikası Prezidentinin “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması ilə bağlı 28 noyabr 2023-cü il tarixli Sərəncamı tarixi əhəmiyyət daşıyır.

Yeni universitetin yaradılması bütün qarabağlılar üçünsə xoş bir müjdədir. Vaxtilə Xankəndi şəhərində fəaliyyət göstərmiş pedoqoji institutun məzunları olmuş Qarabağ sakinlərindən bir neçəsi ilə əlaqə saxlayaraq Azərbaycan Prezidentinin Sərəncamına münasibətlərini öyrəndik.

Xocalı rayonu Kosalar kənd sakini Vaqif Ağayev:

1969-cu ildə Bakıda imtahan verib keçmiş Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldum. Elə həmin il də institutun Xankəndi (o vaxt Stepanakert adlanırdı) filialı açıldı və mən təhsilimi doğma Qarabağımızda aldım. Birinci il cəmi iki fakültə açılmışdı – riyaziyyat, bir də dil və ədəbiyyat. Hər iki fənn həm Azərbaycan, həm də erməni dilində tədris olunurdu, hər fakültədə də iyirmi beş azərbaycanlı, bir o qədər də erməni tələbə oxuyurdu. Bizim qrupda 7 oğlan, 18 qız vardı. Mənim elmə, təhsilə həvəsim çox böyük olub. Dörd il əlaçı oxumuşam, həmin dövrdə şəklim “Şərəf lövhəsi”ndə həmişə yaxşı oxuyan azərbaycanlı, erməni tələbələrin arasında ilk sırada asılıb. Filialın ilk məzunlarındanam, Xankəndidə ali məktəbdə ilk dəfə dövlət imtahanının biletini mən çəkmişəm. Yaxşı qiymət aldığım üçün çıxanda azərbaycanlı, ermənili hamı məni alqışlayırdı.

Möhtərəm Prezidentimizin Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncamı məni çox sevindirdi. Şükür bu günlərə ki, torpaqlarımız azad olunub, müstəqilliyimiz tam bərpa edilib və bu gün Xankəndidə universitet yaradılır. Bütün şərtləri, həm də ən yaxın gələcəkdə Qarabağa qayıdacağımızı nəzərə alsaq bu, çox vaxtında atılmış addımdır. Sabah Qarabağda bizə ixtisaslı kadrlar çox lazım olacaq. Qarabağ Universitetinin yaradılması siyasi baxımdan da çox əhəmiyyətli qərardır. Mən Prezidentimizin bütün addımlarını ürəkdən alqışlayıram!

Xankəndi şəhər sakini Məmməd Məmmədov:

1981-ci ildə Xankəndidəki evimi tikib qurtardıq və orada yaşamağa başladım. Ünvanı indi də dəqiq yadımdadır: Rixard Zorge küçəsi, ev 45. 1988-ci ilə qədər orada yaşamışam. Sonra hadisələr başladı və bütün azərbaycanlılar öz ev-eşiklərindən didərgin düşdü. Mən də həmin vaxt məcbur olub ailəmlə Şuşaya köçdüm...

1983-87-ci illərdə o vaxtkı Stepanakert, yəni Xankəndi Dövlət İnstitutunun Tarix-ictimaiyyət fakültəsində təhsil almışam. Bu gün Qarabağ Universitetinin yaradılması ilə bağlı xəbəri eşidəndə sevincimin həddi-hüdudu olmadı. Çox şükür, tezliklə öz doğma şəhərimə qayıdacağam. Böyük Qayıdışı fikirləşəndə həm yerli kadrların hazırlanması, həm də Qarabağda yaşayan sakinlər üçün ali təhsilin məsafəcə daha əlçatan olması baxımından universitetin yaradılması, daha doğrusu, əvvəlki baza üzərində bərpa edilməsi çox zəruri addımdır. Prezident İlham Əliyevə bizə bu sevinci bəxş etdiyi üçün təşəkkür edirəm.

Mahir Rəsuloğlu, “İki sahil”