29 noyabr 2023 00:24
309

Dünyada özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil

Dövlət başçısı İlham Əliyevin bu çağırışı müstəqilliyi formal xarakter daşıyan Ermənistanı və ondan öz maraqları naminə bir vasitə kimi istifadə edən bəzi dünya güclərini ciddi düşündürməlidir

“Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir.» Dövlət başçısı İlham Əliyev bu fikirləri ilə həm müstəqilliyi formal xarakter daşıyan ölkələrin bu və ya digər dövlətlərin əlində oyuncağa çevrildiyini, həm də dünyanın yaşadığı hüquq probleminin fonunda yaranan problemlərə diqqəti yönəldir. Azərbaycan artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə qədər uzanmasında Ermənistanın  asılı olduğu ölkələrin düzgün yanaşma ortaya qoymadığını hər zaman önə çəkir.  

Bu gün qürurla Azərbaycanın  çoxəsrlik tarixinin Zəfər səhifəsini yazdığını, yeni reallıqları ilə dünya siyasətində dəyişikliklər yaratdığını qeyd edirik. Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq. Bu,  milli ideyamızdır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əvvəllər milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi. İndi artıq işğaldan azad olunmuş Azərbaycan yüksəlməkdədir. Bu əminlik də ifadə edilir ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq.

Qeyd etdiyimiz kimi, bütün dövrlər üçün aktual olan, böyük faciələrin, problemlərin yaranmasına səbəb olan dünyanın aparıcı dövlətlərinin  və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında öz əksini tapır. Ölkə Prezidenti «Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi» söyləyərək bunun ardınca ən çox təəssüf doğuran halın bu olduğunu bildirir ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.

Bu faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycan 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini ortaya qoydu. BMT Baş Assambleyasına müraciət edən rəsmi Bakı Dağlıq Qarabağda süni məskunlaşdırma faktının araşdırılması üçün Faktaraşdırıcı Missiyanın yaradılması təşəbbüsü ilə çıxış edəndə ATƏT-in Minsk qrupunun həmsədrləri bunu onların missiyasına müdaxilə kimi dəyərləndirdilər və belə rəy yaratmağa çalışdılar ki, Azərbaycan qurumun vasitəçiliyindən imtina edir. Dövlət başçısı İlham Əliyev buna cavab olaraq bildirdi ki, Azərbaycan məsələnin həllində bütün beynəlxalq təşkilatların potensialından istifadə etməkdə qərarlıdır, bunun ATƏT-in Minsk qrupunun vasitəçiliyinə heç bir aidiyyəti yoxdur. ATƏT Faktaraşdırıcı Missiyasını yaratdı və işğal edilmiş ərazilərimizə göndərdi. Faktaraşdırıcı Missiya iki dəfə bu ərazilərdə oldu, süni məskunlaşma faktını təsdiqlədi, amma konkret addım atmaq zamanı gələndə, yəni hesabat hazırlananda bu siyasəti hansı tərəfin həyata keçirdiyini gizli saxlamağı daha məqsədəuyğun hesab etdi. Hazırlanan hesabat həmsədrlərin Azərbaycanın BMT Baş Assambleyasına müraciəti ətrafında niyə hay-küy saldıqlarına aydınlıq gətirdi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərlə kağız üzərində qaldığı kimi, bu qurumun  Faktaraşdırıcı Missiyası da  eyni hesabatla çıxış edəcəkdi. Bu xatırlatmanı etməyimiz səbəbsiz deyil. Dünya siyasətində münaqişəli məsələlərin həllinə dair belə maraqlı model görəsən bütün dövlətlərə tətbiq olunur? İşğalçı 30 il adı ilə çağırılmadı, amma məsələnin ədalətli həllini tapacağına beynəlxalq səviyyədə inam yaratmağa çalışdılar. Əksər dünya gücləri bu kimi ikili yanaşmaları ilə özlərinə qarşı etimadsızılıq mühiti yaratmaqla münaqişəli məsələlərin həllinə hansısa dəstəyi göstərmək imkanında olmadıqlarını ortaya qoyurlar.

Azərbaycan tarixi Zəfərindən sonra regionda dayanıqlı sülhü, təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Artıq münaqişənin həllindən  üç ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan konkret addım atmaq barədə düşünmür. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda, məkanlarda keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini qəbul edir, amma görüşdən dərhal sonra regiondan uzaqlarda yerləşən, müstəmləkəçilik siyasəti həyata keçirən ABŞ, Fransa kimi ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən ölkələrin ssenarilərinə uyğun addımlar ataraq sülh müqaviləsinin imzalanması prosesini uzadır. İşğalçı dövlət keçmiş Minsk qrupunun fəaliyyətinin bərpasına çalışdıqda dövlət başçısı İlham Əliyev bildirir ki, iyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur.

Azərbaycan sülh müqaviləsini imzalanmasını təklif edərkən bu təklifin masa üzərində uzun müddət qalmayacağını bildirdi. Cənab İlham Əliyevin "10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik» çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajla bərabər, ciddi dərs olmalıdır.  30 ildə xalqımızın başına gətirilən faciələr azmış kimi hələ postmünaqişə dövründə də sülh müqaviləsini imzalamamaq başqalarına ədalət, beynəlxalq hüquq dərsini keçən əksər dünya güclərini  niyə narahat etmir? 44 günlük İkinci Qarabağ müharibəsini, bir günlük lokal antiterror tədbirlərinin nəticələrini Ermənistan unutmamalıdır.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırmaqla yanaşı, bu çağırışı da etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalı, zamana və məkana görə tətbiq edilməməlidir. Zəfərimizdən ötən üç ildə dünya siyasətində baş verən  proseslərə  diqqət yetirsək bəzi  supergüclərin ikiüzlü siyasətini görərik. Azərbaycan daim müstəqil siyasəti, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi, xarici siyasətinin dəyişməz prinsipləri ilə diqqətdə olub. Ən yüksək tribunalardan səsləndirilən çağırışlardan biri də budur ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir göstərmək imkanında deyil. Hər bir uğurumuz Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin, beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. İşğalçılıq siyasəti yürüdən, mütəqilliyi formal xarakter daşıyan Ermənistanın artıq gələcəyini öz planları əsasında müəyyənləşdirməsi zamanıdır. Dövlət başçısı İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenin telefon zəngi zamanı da bu məqama xüsusi diqqət yönəldi. Cənab İlham Əliyev bildirdi ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.

O da məlumdur ki, noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşü keçiriləcək. Telefon danışığı zamanı bu məsələ ilə bağlı da  fikir mübadiləsi aparıldı. Düşünürük ki, Ermənistan Azərbaycanın sülh təklifinin onun üçün yaratdığı şansdan bəhrələnərək sülh müqaviləsinin imzalanmasına doğru gedən yolun yaxınlaşması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

Yeganə Əliyeva, «İki sahil»