28 noyabr 2023 22:56
261

Bakıda “İdmanla dostluq” devizi altında dünya çempionatı başlayır - FOTOLAR

İdmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb. Ölkəmiz beynəlxalq idman yarışlarında mükəmməl ev sahibliyi nümunəsi göstərir və belə turnirlərin keçirilməsi üçün bütün imkanlara malik olduğunu dünya miqyasında nümayiş etdirir. Bu faktı beynəlxalq ekspertlər də etiraf edirlər. Şübhəsiz, bu, ilk növbədə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının, həmçinin yarışların yüksək səviyyədə təşkilinin nəticəsidir.

Bu günlərdə Bakı daha bir beynəlxalq idman yarışına- Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatına ev sahibliyi edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu tədbirlə əlaqədar mətbuat konfransı keçirilib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən tədbirdə yarışın Təşkilat Komitəsinin nümayəndəsi, "Sərhədçi" İdman Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede və Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Aftandil Abbasov, rəsmi qonaqlar və yüksək rütbəli hərbçilər iştirak ediblər.

Elşən Mirzəyev çıxışında yarışla bağlı bütün işlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, həmçinin “İdmanla dostluq” devizi altında keçiriləcək və dekabrın 3-dək davam edəcək Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən 222 idmançının (176 kişi, 46 qadın) mübarizə aparacağını vurğulayıb.

Dirk Şvede təşkilatçılıqdan məmnunluğunu ifadə edib: “Azərbaycana belə bir turnir təşkil etdiyi üçün minnətdarlığımı bildirirəm”. O, daha sonra deyib: “Sevindirici haldır ki, belə tədbirlər ölkələri bir araya gətirir. Bütün idmançılar əllərindən gələnin ən yaxşısını edəcəklər. Əminəm ki, burada həm dostluq, həm də gərgin mübarizə olacaq”.

Qeyd edək ki, Beynəlxalq Hərbi İdman Şurasının nümayəndələri, çempionatın Təşkilat Komitəsinin rəhbərliyi, həmçinin komandaların üzvləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Onun əziz xatirəsini ehtiramla anıb və məzarı önünüə əklil və gül dəstələri qoyublar.

Qvami Məhəbbətoğlu, “İki sahil”