29 noyabr 2023 14:12
180

Naxçıvanda Mediasiya Şurası İdarə Heyətinin sədri və regional təşkilatların rəhbərləri ilə görüş keçirilib- FOTO

Noyabrın 29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı - mediasiya” mövzusunda keçiriləcək tədbirdə iştirak edən Azərbaycan Respublikasının Mediasiya Şurasının nümayəndə heyətini qəbul edilib.

“İki sahil” xəbər verir ki, Fuad Nəcəfli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan köklü islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları çərçivəsində mediasiya proseslərinin də xüsusi önəmi olduğunu qeyd edib, muxtar respublikada görülən işlər barədə qonaqları məlumatlandırıb.

Səlahiyyətli nümayəndə bildirib ki, ötən dövrdə muxtar respublikanın bölgələrində sakinlərlə görüşlər intensivləşdirilib və vətəndaş qəbulu günləri davam etdirilib. Müşahidə edilən problemlər kateqoriyalar üzrə təhlil edilərək protokollaşdırılıb, icrası üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib. Eyni zamanda, Naxçıvanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması vətəndaş məmnunluğunu təmin edib.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əhalinin rahat yaşayışı və sosial problemlərinin həllinə mühüm töhfə verəcəyini deyən Fuad Nəcəfli vurğulayıb ki, artıq növbəti ildən Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı üzrə layihələrin aktiv icrasına başlanılacaq. Bununla belə vətəndaşların hüquqi maariflənməsinə böyük ehtiyac var. Bu baxımdan məhkəmə-hüquq orqanlarının, mediasiya təşkilatlarının üzərinə mühüm işlər düşür. Naxçıvanda mediasiya təşkilatının fəaliyyəti təmin olunub.

Görüşdə təşkilatın Mediasiya Şurası ilə mərkəzləşdirilmiş əlaqəli işinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil edilən silsilə tədbirlərin davamı olaraq Mediasiya Şurası və digər tərəfdaşlarla təşkil edilən konfransın nəticələrini mediasiya institutunun inkişafında mühüm rolu olacağını bildirən Fuad Nəcəfli Mediasiya Şurasının fəaliyyətinə uğurlar arzu edib və konfransın təşkili üzrə tövsiyələrini bildirib.

Səmimi qəbula görə təşəkkür edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Mediasiya Şurası, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Ədliyyə Nazirliyi ilə birlikdə təşkil edilən konfransda nümayəndəliyin təşkilatçı qismində göstərdiyi əvəzsiz dəstək və təşkilatçılıq Mediasiya Şurası tərəfindən yüksək qiymətləndirilir.

O, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar çərçivəsində şuranın, mediasiya təşkilatlarının və mediatorların üzərinə düşən vəzifələr barədə məlumat verib, yarandığı gündən bu günədək şuranın dövlət orqanlarının da yaxından dəstəyi ilə bir çox nailiyyətlər əldə etdiyini qeyd edib. Nadir Adilov bildirib ki, konfransın mediatorlar üçün çox böyük mənəvi mənası var.

Sonda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq ABAD sənətkarları tərəfindən Ümummilli Liderin 100 illiyi münasibəti ilə hazırlanmış xüsusi plaket Fuad Nəcəfliyə təqdim edilib.