18 may 2016 21:58
502

Regional təhlükə mənbəyi olan Metsamor AES bağlanmalıdır

Nüvə terrorizmi  təhlükəsinin bu gün də  mövcud olması narahatlıq doğurur. Bu sahədə  görülən tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa önəm verən,  planetimizin təhlükəsizliyi,  bəşəriyyətin dinc gələcəyi naminə  “Stop Metsamor” kampaniyasına start verənlərin  humanist təşəbbüsləri bəyənilir. Ermənistandakı  Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyasının keçirilməsində məqsəd istismar müddəti bitən, illərdən bəri yenilənmə işləri aparılmayan, geniş coğrafi ərazi üçün təhlükə mənbəyi sayılan AES-in yarada biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı  “SOS” çağırışını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Beynəlxalq antiterror koalisiyasına töhfə verən ölkə kimi tanınan Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı bütün çağırışlara qoşulması beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Nüvə təhlükəsizliyi ilə bağlı keçirilən bütün sammitlərdə iştirak edən Prezident İlham Əliyevin məntiqli açıqlamaları  diqqətlə izlənilir.   

Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində nüvə terrorizminin, atom energetikası obyektlərində   baş verə biləcək  təhlükələrin, radioaktiv maddələrdən məkrli niyyətlər məqsədilə istifadənin, nüvə tullantılarının qanunsuz dövriyyəsinin, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalların istifadəsinin planetimizin gələcəyi üçün törədəcəyi risklər  barədə fikirlərini açıqlayan dövlətimizin başçısı İlham Əliyev buna əyani nümunə kimi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasını göstərmişdi. 1976-cı ildə  Ermənistanda seysmik zonada tikilən, yararsız, istismar müddəti ötmüş Metsamor Atom Elektrik Stansiyasının Cənubi Qafqaz respublikaları, bütünlükdə  region üçün real təhlükə olduğunu açıqlayaraq beynəlxalq birliyin diqqətini bu istiqamətə yönəltmişdi. Vurğulanmışdı ki, müasir standartlara cavab verməyən Metsamor AES real təhlükə mənbəyi olmaqla ekoloji təhlükəsizlik baxımından da   zərərlidir. Ən azından ona görə ki,  Metsamor AES tullantıları ilə  Araz çayı, ətrafdakı flora və faunanı zəhərləyir. Çayda olan bütün canlıları məhv edir və insan orqanizmi üçün zərərli vəziyyətə salır.

... Nüvə, uran sözlərini eşitdikdə ilk növbədə  həyatı donduran, bütün canlıları  məhv edən atom bombası yada düşür. İkinci Dünya müharibəsində Yaponiyanın Xirosimo və Naqasaki şəhərlərinə atılan atom bombaları xatırlanır. O hadisənin dəhşətlərini ağrı-acılarını bu gün də yaşayan insanları ölümə sürükləyən  “göbələkvari” duman qatı nəzərdə canlanır. Çernobıl AES-in, Yaponiyada baş verən dəhşətli zəlzələ nəticəsində  “Fukusima” AES-in törətdiyi fəsadlar bu gün də öyrənilir, təhlil olunur, daha ağır itkilərin baş verməməsi üçün tədbirlər görülür.

XXI əsrin ideyalar və texnologiyalar əsri olduğunu  unudan Ermənistan rəsmilərinin  Azərbaycanı atom bombası ilə hədələməsi bu dövlətin  çirkin niyyətlərindən xəbər verir.  Yəni sözünü tökdüyü qanlar, törətdiyi vəhşiliklərlə bildirən Ermənistan üçün “qadağan”  ifadəsi qəbuledilməzdir. Unutmayaq ki, ermənilərin çaya axıtdıqları  oyuncaqlara yerləşdirdikləri partlayıcı qurğular nəticəsində  bir neçə azyaşlı azərbaycanlı uşaq həlak olmuşdu.

 ABŞ-da  keçirilən IV Nüvə Təhlükəsiziyi  Sammitində də nüvə təhlükəsizliyi ilə bağlı fikirlər səsləndi. Sammitdə  iştirak edən cənab İlham Əliyev bir daha bəşəriyyət üçün təhlükəli olan bütün risklərə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladı.  ABŞ Dövlət Departamentinin terrorizmlə mübarizə ilə bağlı  məruzəsində qeyd olunduğu kimi Azərbaycan hökuməti   terrorçu vasitələrin azaldılması istiqamətində uğurlarını artırır və onların fəaliyyətinə qarşı fəal mübarizə aparır. Sərhəd təhlükəsizliyinin təmin olunmasında, terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən qrupların və onların vasitəçilərinin aşkarlanmasında, çirkli pulların yuyulması və  terrorizmin maliyyələşdirilməsi ilə  mübarizədə Azərbaycan yüksək səviyyədə peşəkarlıq nümayiş etdirir.  ABŞ-ın Çikaqo  şəhərində  keçirilən NATO-nun  Sammitində  terrorla mübarizədə Azərbaycanla fəal əməkdaşlığın müsbət nəticələri diqqətə çatdırıldı.

Lakin ən qaranlıq və çirkli işlərdə,  insanların kütləvi qırğını ilə nəticələnən cinayətlərdə iştirak edən Ermənistan üçün nüvə təhlükəsizliyi  termini başa düşülən deyil. İşğalçı dövlətin  terror təşkilatları insan həyatı üçün təhlükəli olan nüvə tullantılarının  satışından da  gəlir əldə edirlər. Elə buna görə də  istifadə müddəti bitdiyi üçün reaktorlarında ciddi fəsadların baş verdiyi Metsamor AES-in dayandırılması ilə bağlı çağırışlara Ermənistan rəhbərliyi əhəmiyyət vermir. Metsamor AES-in fəaliyyətini dayandırmaq əvəzinə onun istifadə müddətinin əlavə olaraq 2026-cı ilədək uzadılması ilə bağlı  qərarın qəbulu  yenə də  yüksək zənginləşdirilməmiş uranın qaçaqmalçılığı ilə məşğul olan  ermənilərin maraqlarına xidmət edir.  Metsamor AES-in tullantılarının Azərbaycanın işğal olunmuş ərazilərində basdırılması,  insan həyatı üçün təhlükəli olan  “çirkli bomba”ların istehsalı üçün beynəlxalq  terror təşkilatlarına satılması faktları mövcuddur. Belə sövdələşmələr  transmilli cinayətkarlar üçün daha böyük  imkanlar yaradır. Metsamor AES-in bağlanmasını tələb edən petisiyaya imzatoplama kampaniyasına qoşulan hər bir vətəndaş nüvə təhlükəsizliyinə qarşı mübarizənin iştirakçısı kimi  risklərə  “yox” deyir.

Xuraman İsmayılqızı, “İki sahil”