30 noyabr 2023 13:10
194

Qızılca sadəcə səpkidən ibarət xəstəlik deyil, peyvənd ölümün qarşısını alır- ƏHALİYƏ ÇAĞIRIŞ

Qızılca xəstəliyi sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik deyil. Xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir.

“İki sahil” xəbər verir ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur.

Belə ki, milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır.

Həkimlər vurğulayırlar ki, qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. İnsanların təxminən 93%-i bir dozadan sonra, 97%-i isə ikinci dozadan sonra immun hesab olunur.

Peyvəndlər və autizm arasında heç bir əlaqə yoxdur. Hətta dünya ölkələrində aparılan araşdırmalar autizm və QPM peyvəndi arasında heç bir əlaqənin olmadığını təsdiqləyib.

Bildirilib ki, peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvənlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir, hətta bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür.