Gürcüstanın Marneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib.
“İki sahil” xəbər verir ki, GAİM-in təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan yarışda Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından 100-dək şagird 20 komanda mübarizə aparıb.
Yarış 2 mərhələdə keçirilib. Birinci mərhələdə şagirdlər hər biri 7 və 6 nəfər olmaqla mübarizə aparıblar. İki ən çox bal toplayan komanda finala yüksəlib.
GAİM-in icraçı direktoru Murad Muradov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Ümummilli Liderin gəncliyə və təhsilə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlər arasında elmə və təhsilə marağı artırmaq, Ulu Öndərin ənənələrini davam etdirməkdir.
Final mərhələsində Böyük Muğanlı kənd məktəbi 1-ci, Candar kənd məktəbi 2-ci, Marneuli şəhər 3 saylı məktəbin şagirdləri 3-cü yerə yüksəliblər.
Yarışda iştirak edən hər bir iştirakçıya sertifikatlar, hədiyyə olaraq məktəbli çantası, şahmat, məktəbliyə lazım ola biləcək dəftərxana ləvazimatları təqdim edilib.
Qalib komandalara isə tutduqları yerə uyğun dəyərli hədiyyələr təqdim olunub.
Yarış iştirakçıları fenomen şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də tarix, ədəbiyyat, coğrafiya, incəsənət və idman fənləri üzrə 100-dən çox sualı cavablandırıblar.