03 dekabr 2023 20:19
1020

BMT-nin xüsusi məruzəçisi, yoxsa ştatlı azərbaycanofob? - ŞƏRH

BMT-nin xüsusi məruzəçisi qoy gedib elə BMT-nin özünün məhz ölkələrin təqdim etdiyi toponimlərdən istifadə edilməsinin vacibliyinə dair sənədləri ilə tanış olsun

Erməni vandallarının otuz illik işğal dövründə Qarabağdakı mədəni abidələrimizi viran qoyduqlarına dair kifayət qədər faktlar var.  Rəsmi Bakı hələ işğal dönəmində bununla bağlı müxtəlif qurumlara, dəfələrlə müraciət etmiş və faktaraşdırıcı missiyaların təşkilinə cəhdlər göstərmişdir. Amma buna məhəl qoyulmamışdır. Bu mənada demək olar ki, ərazilərimizdə dağıdılan hər bir evdə, uçurulan hər bir məbəddə, ziyarətgahda Ermənistanla yanaşı, uzun illər boyu bu cinayətlərə göz yuman beynəlxalq qurumların da “əməyi” vardır. Amma İkinci Qarabağ müharibəsindən, həmçinin Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal antiterror  tədbirlərindən sonra həmin beynəlxalq qurumlar yaman “aktiv”ləşiblər. Hətta onlar bu gün Azərbaycanı Qarabağdakı mədənin irsinin dağıdılmasında günahlandırmağa cəhdlər edirlər. Belə ki, bu günlərdə BMT-nin mədəni hüquqlar üzrə xüsusi məruzəçisi Aleksandra Xantaki guya “Qarabağda erməni mədəni irsinin dağıdılması” barədə cəfəng iddialarla çıxış edib. Bu yerdə bir atalar sözünü  xatırlatmaq yerinə düşərdi: “Mazandaranda çaqqal az idi, biri də gəmi ilə gəldi”.

Bəri başdan qeyd edək ki, əslən Yunanıstandan olan xüsusi məruzəçinin  səsləndirdiyi iddialar heç bir fakta əsaslanmır. Onun söylədikləri sadəcə, hayların uydurduqları nağıllardan başqa bir şey deyil. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur. Bu mənada mədəni irsin dağıdılmasından söhbət gedə bilməz. Hətta antiterror tədbirlərindən sonra Ermənistanın Qarabağda tarixi və mədəni abidələrin təhlükə altında olması ilə bağlı iddialarının əsassızlığını BMT-nin regiona reallaşdırdığı iki missiyası da təsdiqləyib. 

Digər tərəfdən  hayların Qarabağdakı “erməni irsi” kimi qələmə verdikləri tarixi abidələr Qafqaz Albaniyasının yadigarlarıdır. Ermənilər otuz illik işğal dövründə həmin kilsələrin üzərində  dəyişiklik və saxtalaşdırmalar aparmaqla onları da özününküləşdirməyə çalışıblar. Rəsmi Bakı bununla bağlı da müxtəlif qurumlara dəfələrlə müraciət etmişdir. Elə isə bəs bu nə sayıqlamadır? 

Xüsusi məruzəçi “Dağlıq Qarabağ”, “Mardakert” kimi qondarma toponimlərdən də istifadə edib. Halbuki hazırda həmin toponimlərdən heç Ermənistanda belə istifadə olunmur. Görünür, erməni lobbisinin ona verdikləri pul-para, həmçinin içirtdiyi erməni konyakı onu yaman məst edib. 
Xüsusi məruzəçi İrəvandakı Göy məscidin “Azərbaycan irsi” olmadığını bildirib. Halbuki, həmin məscid  1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə inşa olunub. Ermənilər neçə illərdi ki, Azərbaycanın qədim tarixi abidəsi olan Göy məscidi İranın mədəniyyət nümunəsi kimi təqdir edirlər. Adını da dəyişdirib “Hüseyniyyə” qoyublar. Axı tarixi saxtalaşdırmaq və ondan faydalanmaq ermənilərin həyat prinsipidir. Aleksandra Xantaki bilməmiş deyil ki, bu gün indiki Ermənistan ərazindəki minlərlə  abidələrimiz, o cümlədən  məscidlərimiz, mədrəsələrimiz və karvansaralarımız erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Məsələn, son bir neçə onilliklər ərzində Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı bəyim hamamı bu kimi bir çox digər dini və tarixi abidələri sıradan çıxarılıb. Onların abidə soyqırımı “siyasət”i bu gün də davam etdirilər. Belə  ki, Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan Təpəbaşı məhəlləsini dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Bu baxımdan, Azərbaycanın maddi-mədəni irsinin dağıdılmasından dolayı bizim onları mühakimə etmək haqqımız var.

Bütün bunlarla bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir ki, xüsusi məruzəçinin məktubunun başdan-başa anti-Azərbaycan xarakter daşıyan məzmunu, tonu və erməni diplomatlarının dərhal onu sevinclə paylaşması məktubun Ermənistan Xarici İşlər Nazirliyində yazıldığını deməyə əsas verir. Bəyanatda daha sonra deyilir ki,  xüsusi məruzəçi öz kobud səhvini düzəltməli və Azərbaycan xalqının mədəni irsinin Ermənistan tərəfindən məhv edilməsinə münasibət bildirməli və bununla bağlı Ermənistan hökuməti ilə təmasa keçməlidir. Əks təqdirdə, onun etnik və dini simpatiya əsasında fəaliyyət göstərməsi və azərbaycanofob olması tam sübut olunacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil"