30 yanvar 2026 10:30
110

"EU Today": Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir

Avropa İttifaqının nüfuzlu "EU Today" nəşrində redaktor, tanınmış siyasi icmalçı və publisist Qeri Kartraytın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə həsr edilən məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, müəllif öz məqaləsində Azərbaycanın Ermənistanla otuz illik münaqişədən təkcə qalib kimi deyil, həm də qərbə baxan strateji tərəfdaş kimi çıxdığını bildirib. Siyasi icmalçı yazıb ki, rəsmi Bakı 30 ilə yaxın davam edən müharibəyə son qoymaqla hazırda sülhü təşviq edir. Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra daha çox iqtisadi yenilənməyə və diplomatik münasibətlərə, xüsusən də Qərbə yönəlmiş əlaqələrə diqqət yetirir.

Müəllif yazır ki, bütün bu hadisələr fonunda Brüssel üçün sülhü möhkəmləndirmək, investisiyaları artırmaq və Avropanın cənub-şərq sərhədindəki geosiyasi mövqeyini gücləndirmək üçün şans yaranıb.

"Avropa İttifaqı artıq Azərbaycanın ən böyük ticarət tərəfdaşı və aparıcı investorudur. Eyni zamanda Brüssel Bakının ticarət və investisiya axınlarının əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə vacib qaz tədarük edir, Avropanın ənənəvi təchizatçılardan asılılığından uzaqlaşmasına kömək edir və onun enerji təhlükəsizliyinə maddi töhfə verir".

Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında unikal mövqeyə malikdir deyən tanınmış siyasi icmalçı bildirib ki, Avropa İttifaqı Bakıya özünə bərabər partyor kimi baxmalıdır. Digər tərəfdən Brüssel daha geniş regional konteksti də nəzərə almalıdır. Belə ki, Aİ Qara dəniz və Şərq Tərəfdaşlığı strategiyalarını inkişaf etdirdikcə, Azərbaycanı əsas tərəfdaş kimi qəbul etməlidir.

Çünki Azərbaycan Xəzər dənizi ilə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirir, Ukraynadan Gürcüstana və Cənubi Qafqaza qədər uzanan sabit bir əməkdaşlıq qövsünü möhkəmləndirir.

Müəllif qeyd edir ki, Azərbaycanın münaqişədən sonrakı qərbə doğru yönəlməsi qısa bir an deyil, struktur dəyişiklikdir. Odur ki, Brüsselin bu yeni fəsli aydınlıq, öhdəlik və strateji vizyonla qəbul etməsi yaxşı olardı.