06 dekabr 2023 01:35
401

Şeyx Heydərin qəbirüstü abidəsi niyə bərbad gündədir?

Şərh edəcəyimiz bu məsələ adamı heyrətləndirir. Niyə öz tariximizə bu qədər biganəyik? Axı, tariximiz bizim keçmişimizi, varlığımızı sübut edir. Məgər ona məsuliyyətsiz davranışımızdan düşmənlərimizin istifadə etdiyini bilmirikmi? Biliriksə onda bu qədər məsuliyyətsizlik və soyuqqanlılıq bizə  haradandır? Gözümüzün qarşısında tariximizin bir "şahid"inin məhv olmasına niyə dözürük? Aidiyyəti təşkilatlarımız nə vaxtadək göstərişlə işləyəcəklər, bəs özlərinin təşəbbüsləri hanı?

Söhbət Səfəvi təriqətinin rəhbəri və Şah İsmayıl Xətainin atası Şeyx Heydərin Xızı rayonunun Tıxlı kəndində yerləşən məqbərəsinin dağılıb yararsız vəziyyətə düşməsindən gedir.

Məsələni şərh edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidməti bildirib ki, sözügedən məqbərə daşınmaz tarix-mədəniyyət abidələri siyahısına daxil edilməyib: “Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyildir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 kilometrliyində yerləşən və tarixi şəxsiyyət Şeyx Heydərə məxsus olduğu ehtimal olunan türbənin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb. Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Türbənin qalıqlarının qorunmasına nəzarət olunur. Bərpa və ya konservasiya işlərinin aparılması isə türbə reyestrə daxil edildikdən sonra nəzərə alınacaq”. Üstəlik, hələ də "abidənin qalıqlarının qorunmasına nəzarət olunur."

Qəribə və acınacaqlı haldır ki, 1488-ci ildən mövcud olan abidə hələ indi "yeni aşkar edilmiş abidə" kimi qeydiyyata alınıb. Abidənin bərpası isə "reyestrə daxil edildikdən sonra nəzərə alınacaq."

Maraqlı faktdır ki, o zaman şeyxin müridləri abidə üzərində daş üzərində yazılı kitabə qoyublar. Kitabədə qəbirdə dəfn olunanın qızılbaşların rəhbəri Şeyx Heydər olduğu barədə məlumat verilib. Şah İsmayılın dövründə məzarı təmir edilərək üzərində türbə ucaldılıb. Bu tikili hazırda Beşbarmaq dağının arxasındakı həmin məkandadır. Türbə üzərindəki daş kitabədə fars dilində üç sətirdən ibarət aşağıdakı mətn həkk edilmişdir:

"Böyük məzar Allah yolu ilə gedənin müqəddəs şəhidgahı, həqiqət yolunun yolçusunun qəbri, hikmətli Quran dininin həqiqət axtaran şeyxi, Şeyx Sultan Cüneydin oğlu Şeyx Sultan Heydərindir."

Kitabənin mətnindən məlum olur ki, Səfəvi şeyxlərindən Şah İsmayıl Xətainın atası olan Şeyx Heydər Şirvan dağlarında müharibədə öldürüləndən sonra müridləri tərəfindən gözdən uzaq bir yerdə gizlicə dəfn olunmuş və onun məzarı uzun müddət gizli qalmışdır. Sonralar Qızılbaşların Şirvan ərazisinə yürüşləri zamanı Şah İsmayıl Səfəvi atası Şeyx Heydərin qəbrini axtarıb tapmış, üzərində türbə  tikdirib orada müridləri tərəfindən Təkəli və Şıxlar kəndlərini saldırmış və məqbərəni müqəddəs ziyarətgah elan etmişdir. Hazırda həmin kəndlərin xarabalıqları qalmışdır. Sonralar şəraitsizlikdən kəndin əhalisi buranı tərk edərək sənaye mərkəzlərinə köçmüşdür.

Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir.  Dam örtüyü tamamilə uçub tökülmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur.

Tariximizdə bu barədə yazılıb ki, atası Şeyx Heydərin öldürülməsindən sonra taxta çıxmış oğlu Şah İsmayıl Şirvana hücum edərək Şirvanşah Fərrux Yasarı öldürmüş, qoşununu darmadağın etmişdi.  Şahın əmri ilə Şeyx Heydərin nəşi Ərdəbilə aparılaraq orada məxsusi onun üçün inşa edilmiş möhtəşəm türbədə dəfn olunmuşdur.

Vəli İlyasov, "İki sahil"