Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Vətənin qeyrətli oğullarının göstərdiyi misilsiz rəşadətindən ruhlanan cənub bölgənin qızları da hərbidə xidmət etməyi özlərinə şərəf bilirlər. Artıq Astarada ilk uğurlu addım atılıb. Belə ki, elin Vətən sevər qızı Zərifə Nəhmətzadə Heydər Əliyev adına Hərbi Akademiyasına daxil olub.
Zərifə Eldəniz qızı 2008-ci ildə Astaranın Alaşa kəndində dünyaya göz açıb. Nümunəvi davranışı, yaxşı oxuması ilə hörmət qazanan Zərifə Astara şəhər M. Ə. Sabir adına 1 saylı tam orta məktəbi bitirib. Bu ilki buraxılış imtahanından 203, qəbul imtahanından isə 247 bal toplayaraq ümumilikdə 450 bala sahib olmaqla Akademiyanın kursantı adını qazanıb.
Zərifə məktəb illərində ən çox ədəbiyyat fənninə maraq göstərib. Hərbiçi peşəsini seçməkdə isə müəllimi Xəyalə Nağıyeva ona yaxından dəstək durub. Həmçinin atasının təsiri də az olmayıb. Polis orqanlarında xidmət edən atası Eldəniz möhtəşəm qələbəmizdən sonra qızını Azərbaycan Ordusunun sıralardan görmək istəyib.
Mən Zərifə ilə görüşüb söhbət zamanı seçdiyi şərəfli yolda ona uğur arzuladım. Eləcə onun danışığında güclü iradə, həm də böyük qürur duydum. Və inandım ki, Zərifənin atdığı bu cəsur, iradəli addımı gələcəkdə başqa qızlara yol açacaq. Eyni zamanda onun bu uğuru göstərir ki, lazım olsa, qızlarımız çətin maneəni keçməklə ən uca zirvələri fəth etməyi bacararlar. Kursant qız bildirdi ki, hazırlıq illərimin bir sıra gərginliyi olub. Ən əsası Polis Akademiyasına qızların qəbuluna “qadağa qoyulması” məni müəyyən qədər məyus etsə də, hərb yolunu seçmək qərarından dönmədim. Doğrudur, cənub bölgəsində qızların hərbi sahəyə yönəlməsi bir az qəribə qarşılanır. Amma mən bu addımı atmaqla və arzuma çatmaqla ürəkdən sevinirəm. Rayonumuzun tarixində ilk qız kursant olduğuma görə qürur hissi keçirirəm. Qızlara tövsiyə edirəm ki, bu çətin və şərəfli peşəni seçməkdən qorxmasın. Gələcəkdə isə əsas məqsədim doğma Azərbaycanıma, xalqıma layiqli xidmət göstərərək ən yüksək rütbələrə sahib olmaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü