07 dekabr 2023 10:54
899

Məktəblər distant təhsilə keçməlidir - ARAŞDIRMA

Məktəbdən başlayan qızılca harada qurtaracaq?

Valideynlər həyəcan təbili çalır, bəs mütəxəssislər nə deyirlər?

2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu Türkiyə, Rusiya, İran, Qazaxıstan və Gürcüstanda, eləcə də ölkəmizdə qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Hazırda bu xəstəliyə yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Bəs, qızılca ilə bağlı daha nələri bilməliyik? “İki sahil” gündəmin əsas mövzularından biri olan bu məsələ ilə bağlı bir sıra qaranlıq və sual doğuran məqamlara aydınlıq gətirməyə çalışır.

Təyyar Eyvazov: Qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov hazırda kütləvi yoluxma halları müşahidə edilən bu xəstəlik qızılca xəstəlik barədə danışarkən bildirdi ki,  qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxs hava-damcı yolu ilə həssas insanları yoluxdurur. Qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür: İnkubasion dövr minimal 6, maksimal isə 21 gündür.

Təyyar Eyvazov qeyd etdi ki, qızılca zamanı bakteriyalı fəsadlar yaranarsa, o zaman təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan antibiotik tövsiyə olunmur. Qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir. Qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

Nazirlik rəsmisi qızılcaya qarşı peyvəndlə bağlı yaranan suala da aydınlıq gətirdi: “Ümumiyyətlə, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər yoluxsalar da, xəstəliyi yüngül keçirirlər və ciddi fəsadlar müşahidə edilmir. I doza peyvənd 95 %, II doza isə 95 %-dən yuxarı qoruyur. Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir”.

İnfeksionist: Yoluxma daha çox usaqlarda baş verir, amma…

Həkim infeksionist İbrahim Rufullayev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, qızılca yüksək kontagiozluğa (yoluxdurma qabiliyyəti)  malik xəstəlikdir: “Qızılca hava-damcı yolu ilə yoluxan  xəstəlikdir və kontagiozluq əmsalı 1-ə yaxın olduğuna görə yoluxuculuq qabiliyyəti çox yüksəkdir. Yoluxma daha çox usaqlarda baş verir, amma böyük yaşda insanlarda da  rast gəlinir.”

Mütəxəssisin sözlərinə görə, risk qrupuna vaksin olunmamış bütün vətəndaşlar daxildir: “Xəstəliyin özündən deyil, ağırlaşmalarından ölüm halı baş verə bilər, məsələn pnevmoniyadan. Qızılcaya tutulanlarin müalicəsi simptomatik aparılır və ağırlaşmalar baxımından izlənməsi gərəklidir. Xəstəlikdən qorunmaq üçün 1 yaşda və 6-7 yaşlarda peyvənd olunmaq  gərəklidir. Əlavə olaraq, standart gigiyenik tədbirlərə əməl etmək lazımdır.Tibbi maskalardan istifadə etmək, əl gigiyenası və s.”

Yoluxmanın sayında ciddi artım müşahidə edilərsə…

Pediatr-infeksionist Aytən Ziyadova  bildirdi ki, qızılca yoluxmanın artması təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də müşahidə edilir: “Bunun səbəbi isə immunizasiyadan kənar qalmış uşaqlardır. Hansı ki, pandemiya dönəmində bunu çox müşahidə etdik. Bunun peyvəndlənmə işinin gecikməsi  və yaxud yayınma halları ilə bağlı olduğunu düşünürük .Həmçinin də regional dünya üzrə, yəni, bir çox ölkələrdə eyni hal  müşahidə edildiyi üçün Azərbaycanda da bu vəziyyəti gözləyirdik. Yoluxma daha çox pandemiya zamanı peyvənddən yayınmış uşaqlarla bağlı olduğu üçün daha çox 6 yaşa qədər uşaqlarda müşahidə edilir. Risk qrupuna daxil olan peyvənddən yayınmış uşaqlar, həmçinin də bəzi xroniki xəstəliyi olan şəxslərdir ki, onlar kəskin bir vəziyyətdə, xəstəliyin ağırlaşma halı olduğu zaman peyvənd oluna bilmirlər. Onkoloji xəstəliyi olan şəxslər, hamilələr, peyvəndsiz şəxslər risk qrupundadırlar. “

İnfeksionist vurğuladı ki, qızılcaya yoluxan şəxslərin müalicəsi ev şəraitində  həkim nəzarəti ilə aparılır. Çünki xəstəliyin ağırlaşması müşahidə edilə bilər. Qorunmaq üçün şərtlərdən biri də xəstə ilə təmasdan qaçmaq və peyvəndlənməkdir. Hazırkı epidemioloji durum nəzarət altındadır. Ancaq yoluxmanın sayında ciddi artım müşahidə edilərsə, məktəblərin bağlanması qaçılmaz  ola bilər.

Pediatr qızılcaya tutulan şəxslərin qidalanmalarına xüsusi diqqət etməyi tövsiyə edir: “A vitamin ağırlıqlı qidalara üstünlük verilməli, sitrus və qıcıqlandırıcı qidalardan uzaq durulmalıdır.

Mütəxəssislər onu da diqqətə çatdırırlar ki, əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və bir çox effektiv müalicəsi olmayan xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür.

Mövcud vəziyyətdən ən çox narahat olan valideynlərdir. Hətta əksər valideynlər  yoluxma riskinə görə uşaqlarını məktəbə göndərməkdən ehtiyat edirlər. Belə olan halda, sözügedən problemin həlli  üçün nələrə diqqət etməliyik?

Paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır. Məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

Hazırda distant təhsilə ehtiyac var, çünki…

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda mövsümi xəstəliklərin baş verdiyini, koronavirus pandemiyasının  bitmədiyini nəzərə alsaq tədris prosesində məsafəyə ehtiyac var: “Çünki  hər gün ən azı 2 milyon insan tədris prosesində iştirak edir. Bu, o deməkdir ki, yoluxma faktı digər insanlar arasında sürətlə  yayılmağa imkan verə bilər. Təəssüflər olsun ki, hazırda mövsümi xəstəliklərlə yanaşı, vaksinasiya  olunmamış uşaqlar arasında qızılca, suçiçəyi, malyariya və digər xəstəliklər  yayılıb. Burada 2 əsas məqam var: məktəblərdə tibbi xidmətin göstərilməsindəki problemlər və məktəblərə gedən şagirdlərin hər hansı formada müayinəyə cəlb edilməməsi. Bu amillər yoluxma sayına öz təsirini göstərir.  Orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların əməkhaqqısı isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir.  Məktəblərdə ayrılan tibb otaqları, əsasən, ilkin tibbi yardım xidməti kimi yaradılıb. Bu otaqlarda qızdırma, ağrıkəsici, ishal əleyhinə tabletlər, şəkər və təzyiq ölçən aparat, tibbi tərəzi və küşetka olmalıdır.  Həmçinin, zədələr, burxuqlar, kəsilmələr zamanı təcili tibbi yardım gəlmədən öncə ilk tibbi yardım göstərilməsi kifayətdir. Bu, qanunla tənzimlənir, amma reallıq da var. Reallıq bundan ibarətdir ki, maddi-texniki bazası yüksək olan şəhər məktəblərində hər şeylə təmin olunduğuna görə bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur. Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur. Uzaq kəndlərdə tibb məntəqəsi məktəbə yaxın ərazidə fəaliyyət göstərir. Tibb otağı olmayan məktəblərə buradan tibb işçiləri cəlb olunur. Yəni, məktəbdə tibbi xidmət təşkil olunmasa da, həmin məntəqədən tibb işçilərinin məktəbə gəlişi baş tutur. Onlar gigiyenik qaydalara nə dərəcədə riayət olunduğunu öyrənir, müxtəlif vaksinasiyanın aparılmasını həyata keçirirlər. Yəni, tibb məntəqəsi olmayan məktəblərdə tibbi xidmət belə reallaşdırılır.

Təhsil eksperti əlavə etdi ki, Bakı şəhərində 320 məktəbdə 487 min şagird təhsil alır, 28 min müəllim prosesə cəlb olunub: “İnsanlar arasında kommunikasiyada ara məsafəsinin gözlənilmədiyi məkanlar sırasında biz məktəbləri görə bilərik. Ona görə də yoluxma saylarının müşahidə edildiyi məktəblərdə mütləq şəkildə  dərslər ən azı 14 gün onlayn rejimdə olmalıdır,  dərs prosesinin ənənəvi formada təşkilinə icazə vermək olmaz. Çünki bu, təhlükəlidir, yoluxma sayına təsir edə bilər. Çox təəssüf ki, ərazi üzrə tibbi xidmətin göstərilməsi ilə bağlı mövcud problemlər, tibb otaqlarının olmaması, tibb bacılarının sayındakı azlıq məktəblərdə ilkin tibbi yardımı göstərməyə mane ola bilir. Ona görə də birmənalı şəkildə yoluxma  faktının müşahidə edildiyi məktəblərin distant təhsilə keçməsini təmin etməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”