07 dekabr 2023 23:12
363

Yeni geosiyası reallıqları özündə əks etdirən kitab

“İkinci Qarabağ müharibəsi və yeni geosiyası reallıqlar” kitabının ikinci nəşri işıq üzü görüb

Siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev və Niderland Krallığı Leyden Universitetinin beynəlxalq münasibətlər və diplomatiya proqramı üzrə magistri Emin Sevdimalıyevin qələmə aldıqları kitabda 44 gün davam edən Vətən müharibəsi, qələbəmizi özündə ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat, Cənubi Qafqaza yaranan yeni geosiyası reallıqlar ətraflı təhlil edilir.

Kitabda, həmçinin bu kimi proseslərdə Türkiyənin de-fakto roluna, eləcə də Şuşa Bəyannaməsinə və Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına, bu   istiqamətdəki problemlərə, onların səbəblərinə konkret faktlarla geniş yer verilib.

Elə bu kimi məziyyətlərinə görə, 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar gözlərimiz qarşısında tam şəkildə canlanır. Bir daha əmin olursan ki,  bu reallıqların bölgəyə əbədi sülh bəxş edəcəyi artıq günün tələbidir.

Qeyd edək ki, “İkinci Qarabağ müharibəsi və yeni geosiyası reallıqlar” kitabının ilk nəşri 2002-ci ildə oxuculara təqdim edilib. Şübhəsiz,  həmin vaxtdan keçən dövr ərzində araşdırılan problemlərlə bağlı bir çox yeniliklər baş verib. Elə bu səbəblərdən kitabın dəyişilik və əlavələrlə yeni nəşrinə ehtiyac yaranıb. Kitabı oxuyarkən əmin olursan ki, müəlliflər bu missiyanın öhdəsindən gəlməyi bacarıblar. Bu mənada kitabın Qarabağ münaqişəsi ilə maraqlanan hər kəs üçün faydalı olacağı şəksizdir. Kitabdan, eyni zamanda, müxtəlif sahələr üzrə dərs vəsaiti kimi də istifadə olunması nəzərdə tutulur.

Qvami Məhəbbətoğlu, “İki sahil”