08 dekabr 2023 11:42
586

İbrahim Kərbalayev: Bu il “Azəriqaz”a 11 mindən çox müraciət daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-noyabr aylarında müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 11 074 müraciət daxil olub.

“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 887 müraciət “Opentext” elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: “Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. “Opentext” proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 11 ayı ilə müqayisədə 918 müraciət azdır”.

İ. Kərbalayev bildirib ki, daha 6 187 müraciət elektron formada daxil olub.

O qeyd edib ki, daxil olan müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: “Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib”.