09 dekabr 2023 00:58
476

2023-cü ilin ən sağlam ölkələri - FOTOLAR

“Sağlam ölkə” anlayışı bir mənbədən digərinə dəyişə bilsə də, bu məqalə üçün “Ceoworld” jurnalının son araşdırmasından istifadə edilib. Orada bir neçə nüfuzlu mənbələrə- Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Dünya Bankı, Lancet tədqiqatı, Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumatlar toplanılaraq siyahı tərtib edilib.

2023-cü ildə dünyanın ən sağlam 10 ölkəsini sizə təqdim edirik:

Norveç

Digər Skandinaviya ölkələri kimi, Norveç də öz vətəndaşlarının sağlamlığı üçün böyük faydaları olan iş-həyat balansına xüsusi diqqət yetirir.

Norveçlilər omeqa-3, antioksidanlar və minerallarla zəngin qidalarla qidalanırlar. Ölkədə gözlənilən ömür uzunluğu (cəmi 83 ildən bir qədər çox) və adam öldürmə nisbəti aşağıdır (100 000 nəfərə 0,9, dünya üzrə orta göstərici 6,9). Ola bilsin ki, ölkənin heyrətamiz mənzərələri də vətəndaşların həyat keyfiyyətini bir qədər yaxşılaşdıra bilər.

Monako

Kiçik və hədsiz dərəcədə zəngin olan Monako “əbədi”  yaşamaq üçün yerdir. Burada kifayət qədər uzunömürlü olmaq olar. BMT-nin Dünyanın demoqrafiya perspektivləri üzrə son hesabatına əsasən, Monakoda gözlənilən ömür uzunluğu 85,9 ildir (hazırda dünyada ən yüksək göstəricidir). Bu o deməkdir ki, onun milyonçu sakinlərinin yaxtalarından və aşpazları tərəfindən hazırlanmış Aralıq dənizi pəhrizindən həzz almaq üçün çoxlu vaxtı var.

Avstraliya

Avstraliyanın çimərliklərinə və yerli mətbəxinə bir nəzər saldıqda bu qədər Avstraliya vətəndaşının niyə sağlam və xoşbəxt olduğu aydın olur. Yerli, keyfiyyətli inqrediyentlərdən yemək və sörfinq, gəzinti, açıq havada istirahət burada trend deyil həyat tərzidir.

Yeni Zelandiya

Açıq havada istirahət etmək üçün dünyanın ən yaxşı yerində yaşadıqda, ən gözəl mənzərələrinə doya-doya baxdıqda sağlam insan olmamaq mümkün deyil. Yeni Zelandiyanın Oklend adaları bol yaşıllıqları, dadlı və sağlam yeməkləri və xoş iqlimi sayəsində dünyanın yaşamaq üçün ən yaxşı yerlərindən biri hesab olunur.

Tayvan

Asiya ölkələri gündəlik idman mədəniyyətini təşviq edir və həmçinin qırmızı ətdən çox düyü, tərəvəz və dəniz məhsullarına üstünlük verən pəhrizlərə üstünlük verirlər. Tayvan da istisna deyil: bu Şərqi Asiya ölkəsi öz vətəndaşlarına keyfiyyətli tibbi xidmət (və əcnəbilər üçün sərfəli tibbi xidmət) təklif edir. 2020-ci ildə Tayvan hökuməti hətta Yangmingşan Milli Parkını sakinlərin ağıl və bədənlərini gücləndirə biləcəyi dünyanın ilk rəsmi sakit şəhər parkına çevirdi.

Finlandiya

Finlandiya dünyanın ən xoşbəxt ölkələrinin reytinqinə daim başçılıq edir və sağlamlıq reytinqində də ilk onluqdadır. Fiziki baxımdan, son iyirmi ildə finlərin ömrünün uzunluğu səhiyyə xərclərinin artması və böyüklər arasında siqaret çəkənlərin sayının azalması kimi tədbirlər sayəsində yaxşılaşıb.

Finlandiya sakinlərinin keyfiyyətli qida və balığa asanlıqla çıxışı var və son statistikaya görə, 25 yaşdan yuxarı insanlarda piylənmə səviyyəsi Amerika (36,9%) və Rusiya (26,5%) kimi ölkələrlə müqayisədə (15,6%) aşağıdır.

Honq Konq

Birləşmiş Millətlər Təşkilatı Honq-Konqu rəsmi olaraq bir ölkə kimi tanımasa da, onun “Ceoworld”un 2023-cü il üçün ən sağlam ölkələr siyahısında yüksək yer tutması diqqət çəkir. Şəhər dünyada gözlənilən ömür uzunluğuna görə ən yüksək yerlərdən birinə malikdir - 85,5 il, bu parametrdə Monakodan sonra ikinci yerdədir. Lancet jurnalı bunu "iqtisadi rifahın və siqaret çəkmə nisbətinin aşağı olmasının unikal kombinasiyası" ilə əlaqələndirir.

Buna şəhər parklarının bolluğunu, yüksək keyfiyyətli tibbi xidmət və çimərliklərə asan çıxışı da əlavə etsək, aydın olur ki, bu metropolun vətəndaşları nə üçün sağlamdırlar.

İslandiya

Bu ölkənin vətəndaşları aktivdirlər və açıq havada əylənirlər və əsasən təzə dəniz məhsulları və sərbəst gəzən mal-qaradan ibarət pəhriz həm kişilər, həm də qadınlar üçün orta ömür müddətini uzatmağa kömək edir. Əslində, islandiyalılar planetin ən təmiz pəhrizlərindən birinə sahibdirlər.

Sinqapur

Asiyanın ən sağlam ölkəsi sayılan bu ölkədə yerli sakinlər küçə yeməklərinə olan sevgilərini aktiv həyat tərzi ilə birləşdirir. 2019-cu ildə hökumət öz vətəndaşlarına pulsuz fitbitlər (idman və sağlamlıqla bağlı izləyici qolbaqlar) verdi. Sinqapurlular dünyanın ən yaxşı səhiyyə sistemlərindən birinə sahibdirlər.

İtaliya

İtaliyada doğulan insanlar orta hesabla 80 yaşına qədər yaşaya bilərlər. Pizza və makaron ölkəsində əksər vətəndaşlar aktiv həyat tərzi keçirir və tərəvəz, yağsız ət, təzə balıq və zeytun yağı ilə zəngin qidalarla qidalanırlar ki, bu da xolesterinin aşağı düşməsinə və qan təzyiqinin normallaşmasına səbəb olur. Sağlam qidalanma ilə birlikdə aktiv həyat tərzi bir çox xəstəliklərin, o cümlədən piylənmə, varikoz damarları, şəkərli diabetin qarşısını inanılmaz dərcədə alır. İtalyanların bütün digər xalqlardan daha yaxşı etdiyi işlər siyahısına “sağlam olmağı” əlavə etmək olar.

Nubar Süleymanova, “İki sahil”