09 dekabr 2023 15:57
2025

Qarabağ: 30 ildən sonra evə dönüş

Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradılıb. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, regionda vəziyyət dəyişir və böyük dərəcədə dəyişikliklərin təşəbbüskarı Azərbaycandır: “Bu təbiidir, çünki biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi və biz onları ötən görüşlərimizdə ətraflı şəkildə müzakirə etmişik.”

Beynəlxalq hüququn normalarında əksini tapan prinsipləri rəhbər tutmaqla Azərbaycan bütün dünya dövlətləri ilə mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu istiqamətdə fəaliyyət göstərir. Hətta qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla yekun sülh müqaviləsinin bağlanması, regionda xalqların birgəyaşayış formulunun tapılması istiqamətində təşəbbüslərə liderlik edir. Xatırladaq ki, üç il əvvəl noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Ancaq Ermənistan imzaladığı sənəddəki üzərinə götürdüyü öhdəliklərə əməl etmirdi. Belə ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib. Lakin Ermənistan təxminən Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Hələ bu azmış kimi Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulur, ərazilərimiz minalanır, müxtəlif təxribatlar törədilirdi. Məlumdur ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu bu il sentyabrın 19- da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Beləliklə, bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Yeri gəlmişkən, əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı” – deyə Prezident çıxışında diqqətə çatdırıb Biz iki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır. Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi. May ayında Şuşadakı görüşümüzdən sonra may ayının sonunda Laçına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşdə mən vəziyyətlə bağlı mövqeyimi ifadə etdim və bildirdim ki, bu məsələnin normal həlli yolunu tapmaq üçün imkan var. Onu da dedim ki, separatçıların liderlərinin təslim olacağı təqdirdə onların amnistiyaya düşmək fürsəti olacaqdır. Bu, ictimai bəyanat idi. Təəssüflər olsun ki, bir daha mənim sözlərim lazımi şəkildə qiymətləndirilmədi. Hazırda separatçıların liderləri Azərbaycandadır. Onlar bura gəlmək istəyirdilər. Onlar bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər. Bu gün isə Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Buna baxmayaraq biz ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin orada dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar buna imkan vermədilər. Bundan əlavə, iki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. Bu gün Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Xüsusilə, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb.

Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkata 4 il sədrlik etməklə bir ilkə imza atıb. Belə bir mötəbər quruma rəhbərlik etmək, dünya ölkələrində ağır nəticələrə səbəb olan pandemiya ilə mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycan Prezidentinin humanist və uzaqgörən siyasətinin göstəricisidir. Cari ilin noyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının 27-ci Toplantısının Şuşada keçirilməsi, ardınca "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfransa ev sahibliyi etməsi Azərbaycanın dünüya miqyasında layiqli yer tutmasının göstəricisidir. Və bu tədbirlərin ardınca, beynəlxalq tədbirlərin məkanı olan Bakıda noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşünə və dekabrın 6-da ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumun keçirilməsi bir daha Azərbaycanın iqtisadi gücünün, inkişafının, qonaqpərvərliyinin, multikultural dəyərlərinin, sabitlik adası kimi əmin-amanlığın hökm sürdüyü məkan olduğunu bir daha təsdiqləyir. 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirak etdiyi "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" mövzusuna həsr olunmuş Beynəlxalq Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və hərtərəfli çıxışı bir bir neçə cəhətdən əhəmiyyət daşıyır. Xüsusilə də, Prezidenti beynəlxalq forumun iştirakçılarını sülh müqaviləsinin detalları barədə məlumatlandırıb.

"SÜLHƏ HƏRBİ YOLLA NECƏ NAİL OLMAQ OLAR, BİZ BUNU NÜMAYİŞ ETDİRDİK"

Sülh prosesinin təşəbbüskarı biz olmuşuq: "İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə "Dağlıq Qaradağ respublikası"nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik"."Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu ("Dağlıq Qaradağ respublikası" – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında ümumiyyətlə, danışmayacağıq". İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız".

AZƏRBAYCAN BÜTÜN MƏSƏLƏLƏRİ BMT NİZAMNAMƏSİNİN 51-Cİ MADDƏSİNƏ UYĞUN OLARAQ HƏLL EDİB

"Biz öz mövqeyimizi onlara çatdırırıq və bütün ölkələrə qarşı beynəlxalq hüququn şamil olunmasının vacibliyini qeyd edirik. Bu, selektiv olmamalıdır, onun həyata keçirilməsi hamı üçün məcburidir. Azərbaycan bütün məsələləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməklə həll edib. Bu, Azərbaycanın suveren hüququ idi ki, öz ərazisinə tam şəkildə nəzarəti həyata keçirsin". Prezident İlham Əliyev Forumda çıxışı zamanı iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyərək əlavə edib: "Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq". Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib: "Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil".

PREZİDENT İLHAM ƏLİYEV QRANADA GÖRÜŞÜNƏ GETMƏMƏSİNİN SƏBƏBLƏRİNİ AÇIQLAYIB

"Fransa Prezidenti (Emmanuel Makron - red), Şarl Mişel və Ermənistanın baş naziri ilə Praqa görüşünün keçirilməsi təklifi irəli sürüldü. Praqada keçirilən görüşü müsbət qiymətləndirirəm. Çünki o vaxt baş nazir Paşinyan Qarabağı Azərbaycanın hissəsi kimi tanıdı. Düzdür, o, sonra başqa bəyanatla çıxış etdi, öz fikrindən çəkindi. Həmin vaxt o, "Dağlıq Qarabağ"a təbrik məktubu göndərdi. Amma yenə də mən Praqa görüşünün nəticəsini müsbət kimi qəbul etdim". Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqlarına toxunan dövlətimizin başçısı qeyd edib: "Danışıqlar bu formatda davam edirdi. Lakin sonradan nə baş verdi? Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi və beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Ona görə neytral olmalısınız. Bununla bağlı müxtəlif səbəblər var idi. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim".

"ERMƏNİSTAN YAXŞI QONŞU OLARSA, ÖZ SUVERENLİYİNİ QORUYUB SAXLAYA BİLƏR"

Prezident İlham Əliyev Forumda çıxışı zamanı söyləyib ki, əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər: "Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir". Dövlətimizin başçısı çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir. "Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bəzən əsassız olaraq bizi bunda ittiham edirlər: "Biz bunu etmək istəsəydik edərdik. Bunu açıq şəkildə bəyan edirəm. İstənilən nöqteyi-nəzərdən Azərbaycan üçün böyük problem deyil. Onlar bir gün ərzində öz silahlarını yerə qoydular və bizim bayrağımız Xankəndidə ucaldıldı. Biz bunu etmək istəmirik. Biz bunu etmiriksə, bu o deməkdir ki, mən bu məsələdə haqlıyam".

AZƏRBAYCAN İNDİYƏ KİMİ NƏYİ DİKTƏ EDİBSƏ, O İCRA EDİLİB, ÖHDƏLİKLƏRDƏN QAÇMAQ MÜMKÜN DEYİL

Bəli, bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Belə olan halda, ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə "hədələyən" revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən ermənilər indi Qalib Sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Göründüyü kimi, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Bir sözlə, bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.

Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı