10 dekabr 2023 18:47
480

Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib

“Şuşa 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı ili”nin bağlanış mərasimi çərçivəsində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin ilk təsis konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Əskişəhir (Türkiyə), Bursa (Türkiyə), Türkistan (Qazaxıstan), Oş (Qırğızıstan), Anev (Türkmənistan) və digər şəhər və vilayətlərin vali və məsul şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş Şuşa şəhərində Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransının keçirilməsini mühüm hadisə adlandırıb və imzalanacaq birgə sənədin Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyacağını diqqətə çatdırıb.

Təsis konfransının açılış nitqlərindən sonra TÜRKSOY tərəfindən “Türk dünyası mədəniyyət paytaxtı” seçilən şəhərlərin sosial, mədəni iqtisadi inkişafına töhfə vermək və bu şəhərlərin beynəlxalq aləmdə tanıdılması, turizm potensialının inkişaf etdirilməsi məqsədi ilə Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin (TÜRKBİR) birgə bəyanat sənədi imzalanıb.

Sonda TÜRKBİR-in üzv rəhbərlərinin yekdil səs çoxluğu ilə Bursa Büyükşehir bələdiyyə başçısı Alinur Aktaş quruma sədr seçilib.

Qeyd edək ki, TÜRKSOY Daimi Şurasının 2022-ci il noyabrın 5-də Türkiyə Respublikasının Bursa şəhərində keçirilən 39-cu iclasında əldə edilmiş razılığa əsasən, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis edilməsi ilə bağlı yerli icra orqanlarının ilk hazırlıq iclası cari ilin iyunun 30-da Türkmənistanın Arkadağ şəhərində keçirilib. Sözügedən iclasda Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis və ilk iclaslarının Şuşa şəhərində keçirilməsi təklif edilib.