11 dekabr 2023 12:57
145

Ölkələrin milli iqlim planı hazırlanmalıdır- BMT Baş katibi

"İndi iqlim dəyişikliyi ilə mübarizədə maksimum ambisiyalı olmaq və çeviklik nümayiş etdirmək zamanıdır".

“İki sahil” xəbər verir ki, bunu Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP28 çərçivəsində BMT Baş katibi Antonio Quterreş deyib.

O deyib ki, indi bu məsələ ilə bağlı "xoş niyyətlə diskussiyalar aparmağın, həll yolları üçün kompromis axtarmağın zamanıdır".

BMT Baş katibi vurğulayıb ki, qlobal çağırışlara cavab vermək üçün çoxtərəfliliyinin önəmini COP28 bir daha sübut etdi.

Antonio Quterreşin sözlərinə görə, ölkələr qalıq yanacaqdan uzaqlaşmaq və iqlim ədaləti üçün fəal işləməlidir:

"Enerji effektivliyi və bərpaolunan enerji resurslar üzərində işləmək təcilidir".

BMT Baş katibi vurğulayıb ki, dekarbonizasiya yeni işlər yaradacaq, amma bununla belə cəmiyyətlərin müəyyən təbəqələri mənfi nəticələrə məruz qala bilər ki, bu istiqamətdə də hökumətlər bu təbəqələrə sosial iqtisadi dəstək verməlidir, bununla bağlı plan hazırlamalıdır.

Baş katib Quterreş inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə bu mənada yardım etməli olduğunu, maliyyə dəstəyi verməli olduğunu qeyd edib.

"Ölkələrin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində atacağı addımlarla bağlı zaman cədvəli fərqli ola bilər, amma bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı dayanıqlı və davamlı işləmək lazımdır".

BMT Baş katibi COP28-də əldə olunan konsensusları alqışladığını qeyd edərək, ölkələrin milli iqlim planı hazırlamalı olduğunu deyib.

"Mənim COP28-dən mesajım odur ki, biz ambisiyalı nəticə əldə etməliyik. Bizim əhəmiyyətli nəticəmiz odur ki, ölkələr qalıq enerjidən uzaqlaşmaqla bağlı konsensus əldə edir, qlobal istiləşmədə 1.5 °C temperatur həddini vurğulamalıdır".

BMT Baş katibi iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində beynəlxalq çoxtərəfli bankların yaradılmasının vacibliyini də vurğulayıb və deyib ki, bu banklar iqlim dəyişikliyi ilə mübarizədə yardıma ehtiyacı olan ölkələrə yardım edə bilər.