11 dekabr 2023 13:03
129

Yaşar Gülər Türkiyə ordusunun Suriyadan nə vaxt çıxacağını açıqlayıb

Milli müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrin Suriyadan nə vaxt çıxacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə NTV telekanalına müsahibəsində danışıb.

Nazir bildirib ki, Türkiyə heç bir ölkənin, o cümlədən Suriyanın ərazi bütövlüyünə göz tikməyib: “Hazırkı rejimin yeni konstitusiyanı qəbul etməsi, seçkilərə getməsi gözlənilir. Bundan sonra ölkədən çıxacağıq”.

Y.Gülər söyləyib ki, Qərb ölkələri terrorçuları dəstəkləyir və onlara helikopterdən istifadəni də öyrədir: “Bütün bunlara baxmayaraq, Türkiyə terrorçularla mübarizəni davam etdirəcək. Terrorçular mağaralarda yaşamağa davam edirlər”.

Nazir Suriya və İraqdakı terrorçuları da təslim olmağa çağırıb.

Y.Gülər vurğulayıb ki, xüsusilə son iki ayda İraqın şimalında təslim olan terrorçuların sayı artıb: “Bu il ərzində 119 terrorçu təslim olub. Bu rəqəmin artacağına inanıram”.