11 dekabr 2023 13:45
156

Baş Prokurorluğun nümayəndəsi Parisdə beynəlxalq tədbirdə iştirak edib

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulmuş hədəflərə uyğun olaraq Azərbaycan Respublikasının Prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Baş Prokurorluqdan “İki sahil”ə verilən xəbərə görə, cari ilin 5 - 6 dekabr tarixlərində Fransa Respublikasının paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transmilli Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanları İşçilərinin Qlobal Şəbəkəsinin (GLEN) “Asiya-Sakit Okean regionunda fövqəladə hallarda korrupsiya və dələduzluq cinayətlərinin ifşa olunması və istintaqı” mövzusunda 5-ci iclası keçirilib.

Avstraliya, Böyük Britaniya, Danimarka Krallığı, Mavriki Respublikası, Ukrayna və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin prokuror-kriminalisti Samir Mirzəyev təmsil edib.

“Əməliyyat məlumatlarının analitik şəkildə idarə olunması”, “Yüksək profilli cinayət işlərində effektiv rəftar və münasibətlərin tənzimlənməsi”, “Çirkli pulların yuyulması ilə əlaqədar istintaq olunan cinayət işləri zamanı beynəlxalq əməkdaşlıq”, “Xüsusi müsadirə məsələlərinin icrası mexanizmləri” və digər bu kimi mövzular ətrafında geniş müzakirələrin aparıldığı görüşdə nümayəndəmiz Samir Mirzəyev çıxış edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş effektiv islahatlar və eləcə də Baş Prokurorluğun strukturunda yeni yaradılmış idarələrin fəaliyyəti haqqında iştirakçıları məlumatlandırmışdır.