24 iyul 2026 10:15
165

ABAD adı müştərilərdə etibar yaradır - FOTOLAR

İnsanlar bilirlər ki, burada təqdim olunan məhsullar keyfiyyətə nəzarətdən keçir və yerli istehsalçıların zəhmətinin nəticəsidir. Bu da alış-verişə müsbət təsir edir

Azərbaycanın zəngin xalq tətbiqi sənəti ənənələri bu gün də istedadlı sənətkarların əlləri ilə yaşadılır, müasir yanaşmalarla yeni nəfəs qazanır. Əl işi, keramika və keçə məmulatları təkcə estetik zövqün deyil, həm də milli irsin, zəhmətin və yaradıcılığın təcəssümüdür. Bu sənəti sevərək yaşadan, onu yeni nəsillərə çatdırmağa çalışan sənətkarlardan biri də Günel Hüseynovadır.

2017-ci ildən ABAD (Ailə Biznesinə Asan Dəstək) ailəsinin üzvü olan və ilk abadçılar sırasında yer alan sənətkar bu platformanın dəstəyi ilə məhsullarını daha geniş auditoriyaya tanıtmaq, yeni bazarlara çıxarmaq və Azərbaycan mədəniyyətini ölkə hüdudlarından kənarda da təbliğ etmək imkanı qazanıb.

Günel Hüseynova özünün fəaliyyət yolu, ABAD-la əməkdaşlığın ona qazandırdığı imkanlar, ailə biznesinin uğurunun sirri və gələcək planları barədə suallarımızı cavablandırıb.

-Özünüz və fəaliyyət istiqamətiniz haqqında qısa məlumat verərdiniz. Hansı məhsulları istehsal edirsiniz?

– Mən, Günel Hüseynova, Azərbaycan Rəssamlıq Akademiyasının həm bakalavr, həm də magistr üzrə məzunuyam, ABAD-çıyam, keramist və keçəçi rəssam kimi fəaliyyət göstərirəm.

“NURLİN Sənət Evi”nin təsisçisiyəm. Əl işi, döymə keçə və keramika məmulatlarının hazırlanması ilə məşğulam. Məhsullarım arasında keçədən tablolar, suvenirlər, araxçınlar, keramikadan fincanlar, boşqablar, vazalar, dekorativ aksesuarlar və fərdi sifariş əsasında hazırlanan hədiyyə dəstləri var. Hər bir məhsul əl əməyinin nəticəsidir və özünəməxsus dizayna malikdir.

 -Bu sahəyə gəlməyinizdə əsas motivasiya nə olub?

– Uşaqlıqdan incəsənətə və yaradıcılığa böyük marağım olub. Keramika və keçə mənə həm özümü ifadə etmək, həm də insanların gündəlik həyatına gözəllik qatmaq imkanı verir. Ən böyük motivasiyam isə gördüyüm işdən zövq almaq və insanlara uzun illər istifadə edəcəkləri, mənəvi dəyəri olan məhsullar təqdim etməkdir.

-ABAD-a qoşulmazdan əvvəl hansı əsas çətinliklərlə üzləşirdiniz?

– Əvvəllər ən böyük çətinliklərimdən biri məhsullarımın daha geniş auditoriyaya çatdırılması idi. Brendin tanınması, satış kanallarının genişləndirilməsi və bazarda daha çox görünmək müəyyən qədər çətinlik yaradırdı.

İndi isə ABAD sayəsində əl işlərim mənim gedə bilmədiyim ölkələrə gedir və Azərbaycan mədəniyyətini tanıdır. Bu isə mənim üçün böyük bir fəxrdir.

-ABAD-a qoşulmaq qərarını verməyinizdə həlledici amil nə oldu?

– ABAD-ın yerli istehsalçılara göstərdiyi dəstək və onların inkişafına verdiyi töhfə mənim üçün əsas amil oldu. Mən ABAD-a 2017-ci ildə qoşulmuşam, ilk abadçılardanam. Bu platformanın məhsullarımı daha geniş auditoriyaya təqdim etmək üçün yaxşı imkan yaradacağına inandım.

-ABAD sizə hansı sahələrdə dəstək göstərib?

– ABAD satış imkanlarının genişlənməsi, sərgilərdə iştirak, məhsulların tanıdılması və əl işlərimin daha çox insan tərəfindən tanınması istiqamətində mənə böyük dəstək göstərib.

-ABAD-a qoşulduqdan sonra satış və gəlir baxımından hansı dəyişiklikləri müşahidə etmisiniz?

– Satışlarımızda və müştəri sayımızda artım müşahidə etmişik. Xüsusilə məhsullarımızı əvvəllər tanımayan insanlar da artıq bizi kəşf edib və daimi müştərilərimizə çevriliblər.

-Fəaliyyətinizdə ailə üzvlərinin rolu nə dərəcədədir?

– Biz ailə biznesiyik. Mən və iki qızım – Nuray və Aylin birlikdə işləyirik. “NURLİN” adı da məhz onların adlarının birləşməsindən yaranıb. Birlikdə işləməyimiz həm işimizin keyfiyyətinə, həm də inkişafına müsbət təsir göstərir.

-Məhsullarınızın keyfiyyətini qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı prinsiplərə əməl edirsiniz?

– Hər məhsulu böyük diqqətlə və keyfiyyətli materiallardan hazırlayırıq. Tələsmədən işləyirik, hər mərhələyə nəzarət edirik və müştərinin istəklərini maksimum nəzərə alırıq. Bizim üçün ən vacib məsələ müştərinin məhsulu sevərək istifadə etməsidir.

-ABAD tərəfindən təşkil olunan sərgi və satış tədbirləri sizə hansı imkanları yaradıb?

– Bu tədbirlər bizə məhsullarımızı canlı şəkildə təqdim etmək, alıcılarla birbaşa ünsiyyət qurmaq və yeni müştərilər qazanmaq imkanı yaradıb. Eyni zamanda, insanların rəylərini birbaşa eşitmək məhsullarımızı daha da inkişaf etdirməyə kömək edir.

-ABAD brendi altında fəaliyyət göstərmək müştərilərin etibarına necə təsir edir?

– ABAD adı müştərilərdə etibar yaradır. İnsanlar bilirlər ki, burada təqdim olunan məhsullar keyfiyyətə nəzarətdən keçir və yerli istehsalçıların zəhmətinin nəticəsidir. Bu da alış-verişə müsbət təsir edir.

-ABAD sayəsində şəxsi və peşəkar həyatınızda ən çox hiss etdiyiniz dəyişiklik nə olub?

– Öz işimə olan inamım daha da artıb. Yeni insanlarla tanış olmaq, təcrübə qazanmaq və məhsullarımın daha geniş auditoriya tərəfindən tanınması mənə daha böyük həvəslə işləməyə stimul verib.

-Sizcə, ABAD-ın ən güclü tərəfi nədir?

– Ən güclü tərəfi yerli istehsalçıları hərtərəfli dəstəkləməsi və onların inkişafı üçün real imkanlar yaratmasıdır. ABAD təkcə satış platforması deyil, həm də istehsalçıların inkişafına töhfə verən bir layihədir.

-Gələcək üçün əsas hədəfləriniz nələrdir?

– Əsas hədəflərim məhsulun çeşidini daha da artırmaq, Azərbaycan keramika və keçə sənətini daha geniş auditoriyaya tanıtmaqdır. Gələcəkdə beynəlxalq bazarlarda da məhsullarımızı təqdim etmək də əsas hədəflərimizdəndir.

-ABAD-a qoşulmaq istəyən digər ailə bizneslərinə nə tövsiyə edərdiniz?

– Çəkinmədən qoşulmalarını tövsiyə edərdim. Əgər keyfiyyətli məhsul hazırlayır və işinizi sevərək görürsünüzsə, ABAD sizə inkişaf etmək, tanınmaq və daha böyük auditoriyaya çatmaq üçün çox yaxşı imkanlar təqdim edir. Ən vacibi isə daim öz üzərinizdə işləmək və keyfiyyət məsələsində heç vaxt güzəştə getməməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”