11 dekabr 2023 15:41
249

Parisdə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert keçirilib

Fransanın paytaxtı Paris şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsert keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri və qonaqlar iştirak ediblər.

Konsert öncəsi Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, ADA-nın prezidenti, Fransanın fəxri deputatı Jerom Lamber və başqaları çıxış ediblər. Onlar ulu öndərin müdrik siyasətinin Azərbaycanın dövlət quruculuğunda, siyasi, iqtisadi və digər sahələrin inkişafındakı rolundan danışıblar.

Bu il Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğunu xüsusilə vurğulayan səfir Azərbaycanın dostlarını bir araya gətirən ADA-nın çətin günlərdə ölkəmizə möhkəm dayaq, əsl dəstək olduğunu bildirib.

Azərbaycanın dostlarının hər zaman ölkəmizi, onun sülhməramlı siyasətini dəstəkləyəcəyini bildirən ADA prezidenti xalqımızın səsinin Fransada eşidilməsi istiqamətindəki fəaliyyətlərini daha da möhkəmləndirəcəklərini diqqətə çatdırıb.

Sonra tanınmış tarzən, Azərbaycanın əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə və istedadlı pianoçu Səidə Zülfüqarovanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Böyük maraq doğuran konsert alqışlarla qarşılanıb.

Qeyd edək ki, Parisdə yaşayan Səidə Zülfüqarova həm də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu şəhərdə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbinin musiqi müəllimidir.