11 dekabr 2023 16:18
364

Yeni inkişaf dövrünün başlanması rəsmiləşəcək - Kamran Bayramov

7 dekabr 2023-cü il müstəqil Azərbaycan tarixinə əlamətdar və rəmzi bir gün kimi yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında Sərəncam imzaladı, habelə Prezident Administrasiyasının və Ermənistan baş nazirinin Aparatının regionumuzda səbirsizliklə gözlənilən sülhə birbaşa xidmət edən, sülh müqavilləsinin gerçəkləşməsinə real töhfə verən birgə bəyanatı yayıldı. Dövlət başçısının seçkiləri hər bir ölkənin ictimai-siyasi həyatında ən əhəmiyyətli hadisədir, Azərbaycan üçün isə ikiqat əhəmiyyətlidir, çünki seçki ilk dəfə işğal olunmuş ərazilərin azad edilməsindən və Qarabağ regionu üzərində suverenliyin tam bərpasından sonra keçirilən ilk seçkilər kimi tarixə yazılacaq. Məhz bu amil xalqımızla onun rəhbəri arasında etimad mandatının yenilənməsini zəruri edir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

2018-ci il prezident seçkilərində xalqımız İlham Əliyevə qətiyyətli tədbirlərin, məqsədyönlü islahatların həyata keçirilməsi üçün mandat verdi. Buna cavab olaraq İlham Əliyev resursları səfərbər etməyi və birləşdirməyi, “dəmir yumruğu” ilə işğalçıları əzməyi, Qarabağımızı erməni separatçılığından təmizləməyi, regionumuzda yeni reallıqlar gerçəkləşdirməyi bacardı, sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması üçün əlverişli şərait yaratdı.

Prezident İlham Əliyev dünyaya və Ermənistana sübut etdi ki, sülhə nail olmaq üçün nə Avropanın, nə Amerikanın, nə Rusiyanın, nə digər dövlət və təşkilatların vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Sübut etdi ki, sülh yalnız birbaşa təmas və danışıqlar yolu ilə mümkündür. Sülh müqaviləsinin hazırlanması, sərhədlərimizin delimitasiyası üzrə birbaşa təmaslar, habelə dünənki birgə bəyanat isə bunun əyani sübutudur.

Cənab Prezidentin yaratdığı yeni reallıqlar regionda yeni çağırışlara səbəb olur və yeni imkanlar açır. Yeni çağırışlar onunla bağlıdır ki, dünyanın bəzi fövqəldövlətləri və qüvvələri İlham Əliyevin həm xaricdə, həm daxildə əldə etdiyi nailiyyətləri və uğurları ilə barışmaq istəmir, cənab Prezidentin müstəqil siyasət yürütməsinə, qüdrətli dövlət və firavan cəmiyyət qurmaq səylərinə maneələr törətmək istəyir. Yeni imkanlar isə ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün genişmiqyaslı islahatların aparılmasına, dövlətçiliyimizin daha da gücləndirilməsinə yol açır və bu tədbirlər xalqın etimadını yenidən qazanmaqla həyata keçirilməlidir.

Bu səbəbdən də növbədənkənar prezident seçkiləri böyük rəmzi xarakter daşıyır və, heç bir şübhə yoxdur ki, bu seçkilər İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın yeni inkişaf dövrünü başlanmasını rəsmiləşdirəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”