44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Gələn ilin fevarla yında Azərbaycan müzəffər bir ölkə olaraq növbədənkənar prezident seçkiləri keçirməyə hazırlaşır. Lakin bəzi popurist qüvvələr seçkilərdə dürüst şəkildə iştirak etmək yerinə öz narazılığını bildirirlər.
Məsələ ilə bağlı "İki sahil"ə danışan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bu Zəfərdən sonra Azərbaycan bütövləşdiyini vurğulayıb: "İlk dəfə olaraq, bütün ərazilərimizin insanları bu seçkilərdə azad və sərbəst şəkildə iştirak edə biləcəklər. Təbii ki, bunu istəməyən həm daxildə, həm də xaricdə olan qüvvələr var. Lakin onların rəyi artıq Azərbaycanda əhəmiyyətsizdir. Onlara ən böyük cavabı Prezident İlham Əliyev Xankəndinin işğaldan azad edilməsi ilə verib. Azərbaycan dövləti artıq yeni çiçəklənmə mərhələsinə qədəm qoyub. Ona görə də, biz seçkiləri normal səviyyədə keçirib, dövlətimizin möhkəmlənməsi üçün ən zəruri addımların atılmasını təmin etməliyik. Bu barədə heç kimin şübhəsi olmamalıdır. Hansısa qüvvə Azərbaycanın yüksəlişini dayandıra biləcək gücə sahib deyil. Bunu nə Fransa, nə də bir çox Avropa ölkələri edə bildi. Daxildəki hansısa qüvvələr də bacarmayacaq. Bizim hazırki strategiyamız doğrudur və ölkəmizi uğurla irəli aparacaq".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə məsələyə münasibətində bildirib ki, bir sutkadan az davam edən antiterror tədbirlərindən sonra separatizmin ləğvi yeni şərait yaradıb: "Bəzilərinin ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı primitiv yanaşması var. Amma, seçkilərin keçirilməsi bir sıra amillərlə, o cümlədən, dünyada gedən proseslərlə əlaqələndirilməlidir. Bilirik ki, artıq gələn il bir sıra ölkələrdə - Rusiyada, ABŞ-da və Avropa Birliyinin bir çox ölkəsində prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Onların da hadisələrə yanaşması bəllidir. Bu məsələdə bölgədəki vəziyyətə də baxmaq lazımdır. Çünki, Azərbaycan və Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmayıb, burada müxtəlif ölkələrin maraqları var və gərginlik yaratmaq istəyirlər. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, ölkə Prezidentinin növbədənkənar seçkilərlə bağlı verdiyi qərar tamamilə doğrudur və vaxtında qəbul olunub. Çalışmalıyıq ki, Azərbaycanda azad və ədalətli seçki keçirək. Xarici və daxili qüvvələrin məkrli planları boşa çıxsın".
Elşad Musayev əlavə edib ki, seçkilərdən sonra Azərbaycanın qarşısında geniş imkanlar yaranacaq: "Biz bu seçkilərdən daha güclü çıxacağıq".
Sayalı Abasova