Amnistiya ədalətin təntənəsi, insan azadlığına göstərilən diqqətdir

24 may 2016 00:00
360

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müraciəti əsasında Milli Məclisdə amnistiya ilə bağlı qərarın qəbulu humanizm və xeyirxahlıq nümunəsidir

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinə həsr olunmuş xüsusi iclası insan amilinə verilən dəyər, humanizm və xeyirxahlıq ifadəsi kimi vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. 

1995-ci ildən bu günədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı həyata keçirilib ki, xeyirxah niyyətlərin əsasını demokratik islahatlar, insan hüquq və azadlıqlarının qorunması təşkil edir.

Belə xeyirxahlıq özlüyündə ulu öndər Heydər Əliyevin humanist siyasətinin mahiyyətini təşkil etməklə vətəndaşların hakimiyyətə etimadın, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bir neçə gün əvvəl Fondun prezidenti Mehriban Əliyevanın dördüncü amnistiya aktı ilə bağlı Milli Məclisə müraciəti də bu siyasətin davamlı proses olduğunu göstərir.

Heydər Əliyev ideyalarının təbliği istiqamətində önəmli layihələrə imza atan, təşəbbüslərini reallaşdıran Fondun fəaliyyətinin təkcə ölkə miqyasında deyil, beynəlxalq aləmdə dəyərləndirməsi  qurumun 12 ildə həyata keçirdiyi təşəbbüslərin təntənəsidir. Azərbaycanda və xarici ölkələrdə humanist təşəbbüsləri, layihələri ilə tanınan və hörmət qazanan Heydər Əliyev Fondunu ümid yeri adlandıranların sayı da artmaqdadır. Ümumilikdə 10 min nəfər məhkumu əhatə edəcək növbəti amnistiya aktının tətbiqi ilə 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad olunacaq.

Əfv sərəncamları və amnistiya aktları dövlətin insan hüquq və azadlıqlarının qorunmasına diqqətin ifadəsidir. Dövlət başçısı İlham Əliyevin  əlamətdar hadisələr ərəfəsində  əfv sərəncamları imzalaması da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəniyyət, incəsənət sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi layihələr də önəmi ilə fərqlənir. Diabetli, hemofiliyalı xəstələrin, fiziki qüsurlu uşaqların müalicəsi, aztəminatlı ailələrə göstərilən yardımların məntiqi nəticəsini vətəndaşların Fonda ünvanlanan minnətdarlıq məktublarından da aydın görmək olar.

Xarici siyasətimizin əsas prinsiplərindən olan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri xidmətlər, Fondun keçirdiyi tədbirlər humanitar təşəbbüslərdən heç də geridə qalmır. Multikultural cəmiyyətin təkmilləşdirilməsi istiqamətindəki təcrübəsi dünyada təbliğ olunan və öyrənilən Azərbaycanda belə təşəbbüslərin davamlı proses kimi həyata keçirilməsi insan amilinin dövlət siyasətimizin əsasını təşkil etdiyinin də təzahürüdür.

Bu inkişafı şərtləndirən əsas amillərdən ən başlıcası odur ki, Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə davam etdirilir. Ölkəmiz demokratiya yolu ilə uğurla addımlayır.

Tolerant dövlət kimi  təcrübəsi dünyada təbliğ olunan və öyrənilən Azərbaycanda belə tədbirlərin siyasi və mənəvi əhəmiyyəti də qeyd olunmalıdır. Amnistiya aktları və əfv sərəncamlarının tətbiqi ilə azadlığa qovuşanlar törətdikləri əməllərdən nəticə çıxarmaqla dünya miqyasında seçilən, fərqlənən sivil dövlətin vətəndaşları kimi faydalı əməklə məşğul olurlar.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə  “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın qəbulu da insan amilinə diqqətin təzahürüdür.

Ötən illər ərzində Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.

Ümummilli lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam və təbliğ etdirən Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları sayəsində yenidən cəmiyyətə qayıdan insanlar bu xeyirxahlığı humanizm prinsiplərinin qələbəsi kimi dəyərləndirərək Azərbaycanın birinci xanımına minnətdarlıqlarını bildirirlər.

Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Amnistiya aktları, əfv sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Mərhəmətlilik, geniş qəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib. Təşəbbüslərinin və fəaliyyətinin əsasını insanlara diqqət və qayğı təşkil edən Heydər Əliyev Fondu tərəfindən irəli sürülən təşəbbüsləri,  insanlara qayğısını, dövlətçiliyə xidmətlərini nəzərə alsaq xalq elçisi kimi etimadı da doğruldan  Fondun prezidenti Mehriban Əliyevanın mənəvi zənginliyini heç bir sərvətlə müqayisə etmək olmaz. 

Xuraman İsmayılqızı, “İki sahil”