16 dekabr 2023 20:55
717

Tbilisidə “Qərbi Azərbaycana Qayıdış beynəlxalq müstəvidə” mövzusunda forum keçirilib

Dekabrın 16-da Tbilisidə “Qərbi Azərbaycana Qayıdış beynəlxalq müstəvidə” mövzusunda forum keçirilib.

“İki sahil” xəbər verir ki, forum çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin Sərgi qalereyasında Qərbi Azərbaycanda ermənilər tərəfindən dağıdılan mədəni irsimizi əks etdirən fotolardan ibarət sərgi açılıb.

Tədbir iştirakçıları əvvəlcə sərgini ziyarət ediblər.

Sonra tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilatçısı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili çıxışında bildirib ki, forumun əsas məqsədi Gürcüstanda yaşayan soydaşlarımız, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımızla Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə etmək, gürcü politoloqların, tarixçilərin məsələ ilə bağlı fikirlərini öyrənməkdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında Cənubi Qafqazda yaşayan azərbaycanlıların və gürcülərin dövlətçilik tarixindən danışıb, ermənilərin bu bölgəyə sonradan köçürülmələrini sübut edən faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan daim sülhün və əmin-amanlığın tərəfdarı olub. Lakin bəzi separatçı qüvvələr regionda sülhü pozmağa çalışıblar və Azərbaycan əslində onların bu cəhdlərinin qarşısını alıb, regionda davamlı sülhün təmin olunması üçün bütün ilkin zəruri tədbirləri görüb. Bu tədbirlər Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq ümidlərini artırıb və onlar inanırlar ki, bu gün heç də uzaqda deyil.

Deputat dost və qardaş Gürcüstanın və gürcü xalqının da regionda sülhün bərpa olunmasına çalışdığını qeyd edib. Bildirib ki, məhz Azərbaycan, Gürcüstan və Türkiyə birliyi nəticəsində buna nail olacağıq.

Sonra Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, KOBİA yanında ictimai şuranın sədri Fərhad Qaraşov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Forum panel iclaslarda işini davam etdirib.

“Cənubi Qafqazda sülh quruculuğu və separatizimə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən birinci paneldə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Gürcüstan Tarixi İnstitutunun dosenti Nikoloz Cavaxişvili, professor Ramiz Bəkirov, gürcü tarixşünas, professor Tengiz Malania, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək fikirlərini bölüşüblər.

“Gürcüstanın işğal olunmuş ərazilərindən və Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş şəxslərin geri dönüş prosesi” mövzusuna həsr olunmuş ikinci paneldə isə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Qarabağ qazisi, jurnalist Nahid Canbaxışlı, politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze, jurnalist Ceyhun Məhəmmədəli çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmi tərəfdaşlığı, Gənclər Fondunun dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirliklərinin əməkdaşları, Milli Məclisin deputatları, tarixçi alimlər, siyasətçilər və ictimai xadimlər iştirak ediblər.

Sonda Forum iştirakçıları adından bəyanat qəbul olunub.

Bəyanat beynəlxalq təşkilatlara və Gürcüstanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərə göndəriləcək.