Türkiyə Respublikası və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Dünya Humanitar Sammiti bu və ya digər ölkələrdə mövcud münaqişələrə vahid yanaşmanın vacibliyini bir daha aktuallaşdırır
Daim vurgulandığı kimi, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Türkiyə Respublikası və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Dünya Humanitar Sammiti də bu baxımdan diqqətçəkəndir. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən mühüm amillərdəndir. Sammitin keçirilmə məqsədlərindən biri məhz dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışların edilməsidir. Tədbirdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndənin iştirak etdiyi bildirilir. Bu fakt da açıqlanır ki, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı vardır. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır. Bu baxımdan Sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır.
Sabitliyin və təhlükəsizliyin təminatı hər bir ölkənin davamlı inkişafında əsas amillərdəndir. Bu gün dünyanın ayrı-ayrı ölkələrində yaşanan gərginliklərə diqqət yetirsək, onların araşdırılmasına zərurət daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin daim beynəlxalq tədbirlərdə əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bu olur: “Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.”
Səbəblərdən asılı olmayaraq, baş verənlərdən daha çox əziyyət çəkən günahsız insanlardır. Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub. Yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir.
Bu kimi faktların özü ölkədə sabitliyin, təhlükəsizliyin qorunmamasının nə kimi problemlərə yol açdığına işıq salır. Qısaca da olsa, 25 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı duruma diqqət yetirək. Ölkədə xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən torpaqlarımız biri-birinin ardınca işğal edilirdi. Təbii ki, həmin dövrdə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Bu məqamı qeyd etməyimiz, təbii ki, səbəbsiz deyil. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycanın, Azərbaycan xalqının bugünkü taleyini düşünmək o qədər də çətin deyildi. Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 faiz torpaqlarımız işğal altında, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətindədir.
Miqrant problemi, ayrı-ayrı ölkələrdə yaşanan gərginliklər, toqquşmalar dünyanın güc mərkəzlərindən ədalətli yanaşmanı tələb etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilmədiyinə də bir daha işıq salır. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.”
Daim qeyd olunduğu kimi, bu gün dünya iqtisadi və maliyyə böhranı ilə yanaşı, hüquq problemini yaşayır. Beynəlxalq hüququn norma və prinsiplərinin ayrı-ayrı dövlətlərə müxtəlif şəkildə tətbiqi ikili siyasətin daha da dərinləşməsini şərtləndirir. Bu amil eyni zamanda dövlətlərin, təşkilatların mövqelərinə inama kölgə salır. 25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi inkişafa ən böyük maneə olduğu beynəlxalq səviyyədə qeyd edildiyi halda bu günə qədər qərar və qətnamələrin kağız üzərində qalması problemin həll prosesinə öz mənfi təsirini göstərir. Ən əsası nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb, hələ də bu sənədlərin qəbulundan ötən dövr ərzində işğalçı Ermənistan onların icrası barədə düşünmür, əksinə daha böyük iddialar nümayiş etdirir. Daim vurğulandığı kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi məsələnin həllinin uzanmasına təsir göstərən əsas amillər sırasındadır. Ölkə Prezidenti bildirir: “Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir - eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.”
Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr nəticəsində yaranan humanitar böhranlar, miqrant problemləri onların qarşısının alınması üçün birgə səylərin göstərilməsini, qarşılıqlı əməkdaşlığın bir zərurət olduğunu daha da aktuallaşdırır. Cənab İlham Əliyev dünyada cərəyan edən proseslərin fonunda bildirir: “Hesab edirəm ki, bugünkü reallıqların ibrət dərsi məhz budur. Biz bir-birimizə ehtiram nümayiş etdirməli, seçimə, ərazi bütövlüyünə və gələcəklə bağlı planlara hörmətlə yanaşmalıyıq. Bunların hamısı təmasda olmaq üçün zəruridir. Çünki əsas məqsədimiz gərginliyin və mövcud təhlükələrin azaldılmasıdır.”
Düşünürük ki, Türkiyədə keçirilən Sammit bu və ya digər ölkələrdə mövcud münaqişələrə vahid yanaşmanın gərəkliyinə bir daha işıq salacaq. Bu baxımdan ki, Sammitin təşkilatçılarından biri BMT-dir. Bir məqamı da unutmayaq ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu